SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 17-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ross Uilsonu qəbul etmişdir.
Qonağı səmimi salamlayan daxili işlər naziri ölkədə kriminogen vəziyyətin tam nəzarət altında olduğunu bildirmiş, cinayətkarlığa qarşı aparılan mübarizədən danışmışdır.
Cənab Ross Uilson səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür etmiş, bu görüşün məqsədinin 907-ci düzəlişin qüvvəsinin dayandırılmasından sonra ABŞ hökumətinin Azərbaycana yardımı ilə bağlı ümumi fikir mübadiləsi aparmaqdan ibarət olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, hələ 907-ci düzəliş qüvvədə olduğu dövrdə ABŞ Azərbaycan Respublikasına yardım göstərmək niyyətində olmuş və bununla bağlı Dövlət Departamenti Təhlükəsizlik Xidmətinin Dəyərləndirmə qrupu hələ 2000-ci ilin oktyabr ayında Bakıda Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə terrorizmlə mübarizəyə dair Yardım Proqramının əsas müddəalarını müzakirə etmişdir. Bu proqram çərçivəsində Azərbaycanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının əməkdaşları üçün müxtəlif mövzularda səkkiz kurs (onlardan ikisi Azərbaycanda, qalanları ABŞ-da) təşkil edilmişdir. Proqramın davamı olaraq aprelin 22-dən mayın 3-dək Luiziana ştatında növbəti kursun keçirilməsi nəzərdə tutulmuşdur. Bu il fevralın əvvəllərində Dəyərləndirmə qrupu, aprelin 1-də isə qrupun daha bir üzvü ölkəmizdə olmuş, maliyyə, texniki yardım və digər məsələlər müzakirə edilmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov göstərilən köməyə, müəyyən edilmiş treninq tədbirlərinin səmərəli təşkilinə görə minnətdarlığını bildirmişdir.
Görüşdə daxili işlər orqanlarına real yardım imkanları və bu yardımın tətbiq ediləcəyi sahələr haqqında ətraflı fikir mübadiləsi aparılmışdır.