DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 18-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Çjan Siyunu qəbul etmişdir.
Nazir səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulamışdır. Usubov ölkədəki kriminogen durum, ictimai-siyasi sabitliyin bərqərar edilməsi üçün ötən illər ərzində görülən işlər və respublikamızın hüquqi, demokratik dövlət quruculuğu yolunda üzləşdiyi çətinliklər barədə danışmışdır.
Bildirilmişdir ki, müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ keçirmiş təsadüfi adamların səriştəsiz idarəçiliyi dövlət orqanlarının fəaliyyətini faktiki olaraq iflic halına salmış, vətəndaşların konstitusion hüquqları kütləvi şəkildə pozulmuş, cinayətkarlıq görünməmiş vüsət almışdır. Əksinə, onlar üçün də sərfəli və əlverişli olan belə vəziyyətdən bacarıqla istifadə edən Ermənistan hərbi təcavüzünü daha da genişləndirmiş, torpaqlarımızın bir hissəsini işğal etmiş, milyondan artıq soydaşımız yurd-yuvalarından didərgin düşmüş, ölkəmizin ərazi bütövlüyü, dövlətçiliyimiz dağılmaq və məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Zəngin dövlətçilik təcrübəsi olan cənab Heydər Əliyev xalqın təkidli tələbi ilə belə bir zamanda respublika rəhbərliyinə qayıtdı. Həyata keçirilən uzaqgörən və qətiyyətli tədbirlər nəticəsində ölkəmizdə tədricən sabitlik yaradıldı və onun dönməzliyi təmin olundu. Bununla da cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə orqanlarında uğurlu islahatlar dövrü başlandı.
General-polkovnik Ramil Usubov həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ayrı-ayrı ölkələrdəki uyğun qurumlarla əlaqələri, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı barədə də məlumat vermişdir.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən cənab Çjan Siyun ölkəmizdə hökm sürən sabitliyin şahidi olduğunu bildirmiş, bunu cəmiyyətin inkişafının göstəricisi kimi dəyərləndirmiş və belə bir ölkədə yaşayıb-işləməkdən məmnunluq duyduğunu vurğulamışdır.
Səfir Çin Xalq Respublikası ictimai təhlükəsizlik nazirinin bu ölkəyə rəsmi dəvətini bir daha cənab Ramil Usubova çatdırmışdır. Dəvət minnətdarlıqla qəbul olunmuşdur. Bu ilin sonunda reallaşacaq səfər zamanı iki ölkənin müvafiq nazirlikləri arasında Əməkdaşlığa dair Sazişin imzalanması da nəzərdə tutulur.