DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İyunun 19-da Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilmişdir. Kollegiyada “Azərbaycan Respublikası ərazisində ölkə vətəndaşlarının, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması və çıxarılması qaydalarının tətbiqi üzrə görülən işlər”in və “Daxili işlər orqanlarının növbətçi hissələrində silah-sursatın, eləcə də digər əmlakın saxlanılması və uçotu” vəziyyətinə dair məsələlər müzakirə edilmişdir.
Daxil işlər naziri, general-polkovnik Ramil Usubov iclası giriş sözü ilə açaraq qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının dövlət atributlarından sayılan şəxsiyyət vəsiqələrinin hazırlanaraq ölkə vətəndaşlarına verilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsi və onun yerlərdəki strukturları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə və DİN-in normativ-hüquqi aktlarının tələblərinə uyğun olaraq, ölkə vətəndaşlarının, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması, qeydiyyaltdan çıxarılması sahəsində bir sıra işlər görülmüşdür.
Sonra gündəlikdə duran birinci məsələ barədə DİN Pasport-Qeydiyyat İdarəsinin rəis müavini, polis polkovniki Fəxrəddin Əliyev məruzə etmişdir. Nəzərə çatdırılmışdır ki, respublika Nazirlər Kabinetinin sərəncamına əsasən, ölkə vətəndaşlarının yaşayış yeri üzrə qeydiyyata alınması və şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün 74 regional mərkəz yaradılmış, onlar ən müasir kompüter və digər texniki avadanlıqla təchiz olunmuşdur. Regional mərkəzlərdən daxil olmuş ərizə-anket məlumatları üzrə sorğuların cavablandırılması məqsədi ilə DİN-in müvafiq əmrinə əsasən yeni Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə Məlumat Şöbəsi yaradılmışdır. Bu şöbənin, həmçinin yerli polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətlərinin məlumatlarına görə, ötən ilin sentyabr ayından bu günədək 251 min 473 ölkə vətəndaşı yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqələri ilə təmin olunmuşdur. Hazırda bu işin daha da sürətləndirilməsi üçün tədbirlər davam etdirilir.
İkinci məsələ ilə əlaqədar DİN Təchizat İdarəsinin rəisi, polis polkovniki Qamboy Zeynalov məruzə etmişdir. Qeyd olunmuşdur ki, nazirliyin 2002-ci il üçün əsas təşkilati tədbirlər planının icrasını təmin etmək məqsədilə daxili işlər orqanlarının növbətçi hissələrində silah-sursatın, eləcə də digər əmlakın saxlanılması, uçotu vəziyyəti öyrənilmiş və müəyyən olunmuşdur ki, bu mühüm xidmət sahəsində də bir sıra işlər görülmüşdür. Lakin bununla belə hələ də müəyyən nöqsanlar mövcuddur. Qeyd olunmuşdur ki, nöqsan və çatışmazlıqların yaranma səbəbləri araşdırılmış, onların aradan qaldırılması və təkrar olunmaması məqsədilə polis orqan və hissələrinə lazımi əməli-metodiki kömək göstərilmişdir.
Kollegiyaya yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkənin ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulunun başlanılması ilə əlaqədar abituriyentlərin qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətlərinə daha çox müraciət etdiklərini, belələrinin dərhal şəxsiyyət vəsiqələri ilə təmin edilməsi üçün müvafiq göstəriş verdiyini Kollegiya iştirakçılarının nəzərinə çatdırmışdır. Nazir onu da qeyd etmişdir ki, daxili işlər orqanları əməkdaşları bu gün çox məsul vəzifələr yerinə yetirirlər. Onların silah-sursat və digər müdafiə vasitələri ilə təchiz edilməsi işi lazımi səviyyədə təşkil olunmuşdur və bu, DİN rəhbərliyinin gündəlik nəzarətindədir. O çıxışında cari ilin beş ayının yekunları üzrə göstəricilərin ümumən pis olmadığını da vurğulamış və bildirmişdir ki, bu dövrdə qeydə alınmış ağır cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azalmışdır. Daxili işlər naziri kollegiya iştirakçılarına əməliyyat xidməti fəaliyyətin bütün istiqamətlərində qazanılmış naliyyətləri daha da möhkəmləndirməyi tövsiyə etmişdir.
General-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab Heydər Əliyevi əmin etmişdir ki, daxili işlər orqanları sabitliyin qorunması, cinayətkarlıqla mübarizənin daha da gücləndirilməsi, asayişin və insan hüquqlarının etibarlı təmin olunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək, dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanacaqdır.