DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ RESPUBLİKA BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI
2003-cü il fevralın 10-da Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov və Baş prokuroru Zakir Qaralov Nardaran qəsəbəsinin bir qrup sakinini onların xahişi ilə Daxili İşlər Nazirliyində qəbul etmişlər.
Qəbulda son dövrlər Nardaran qəsəbəsində mövcud olan ictimai-siyasi vəziyyət və cərəyan edən hadisələr müzakirə olunmuşdur.
Qəsəbə sakinləri 1998-ci ildə keçirilmiş prezident seçkilərində tam əksəriyyətlə cənab Heydər Əliyevə səs verdiklərini, bu gün də Azərbaycan Respublikası Prezidentinin daxili və xarici siyasətini birmənalı olaraq dəstəklədiklərini bəyan etmişlər.
Onlar ötən ilin iyun ayında baş vermiş kütləvi iğtişaş zamanı yandırılmış avtomaşınların artıq meydandan götürüldüyünü, quraşdırılmış çadırın söküldüyünü, qazılmış qəbirlərin doldurulduğunu, qəsəbədə normal həyat ahənginin bərpa edildiyini və gələcəkdə hüquqa zidd əməllərin bir daha təkrarlanmayacağını bildirmişlər.
Respublikanın daxili işlər naziri və Baş prokuroru məlum hadisələrlə əlaqədar aparılan istintaqın və məhkəmə baxışının obyektivliyi və humanistliyinin təmin ediləcəyini, son günlər Nardaran qəsəbəsində normal həyat ahənginin bərpasına yönələn səylərin nəzərə alındığını qeyd etmişlər. Qəsəbə sakinlərinə fevralın 5-də tutulmuş 8 nəfərdən 4-nün - Mikayıl Nuriyevin, Anar Həşimovun, Əli Abbasovun və Əlabbas Rahibzadənin onların xahişi ilə azad edildiyi, 15 nəfər haqqında axtarışın ləğv olunduğu, Hacağa Nuriyev haqqında Apellyasiya Məhkəməsinə verilmiş protestin geri götürüldüyü də bildirilmişdir.
Qəsəbə sakinləri aldıqları məlumatla bağlı təşəkkürlərini bildirmiş, onların hörmət və ehtiramlarını və bunun əyani rəmzi kimi sakinlər tərəfindən toxunmuş və üzərində cənab Heydər Əliyevin təsviri olan xalçanı ölkə Prezidentinə yetirməyi xahiş etmişlər.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə iştirak etmişdir.