SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ AVROPA ŞURASININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 12-də daxili işlər naziri, general–polkovnik Ramil Usubov Avropa Şurasının Demokratiya və Siyasi Məsələlər üzrə Baş Direktorluğunun siyasi məsləhət və əməkdaşlıq üzrə direktoru xanım Klaudiya Luçiani və Avropa Şurası Baş Katibinin Azərbaycana yeni təyin olunmuş xüsusi nümayəndəsi xanım Veronika Koteklə görüşmüşdür.
Qonaqları salamlayan nazir rəhbərlik etdiyi qurumla Avropa Şurası və onun Bakı nümayəndəliyi arasında mövcud əlaqələrdən danışmış, son 10 il ərzində Avropa Şurasının “Polis və İnsan Hüquqları”, “Qanunun aliliyinin möhkəmləndirilməsi üzrə əməkdaşlıq” və “İnsan hüquqlarına riayət edilməsi mədəniyyəti” proqramları çərçivəsində keçirilmiş 10-a yaxın müxtəlif mövzulu seminarlarda 500 nəfərdən artıq DİN əməkdaşının iştirak etdiyini bildirmişdir.
Söhbət zamanı vurğulanmışdır ki, insan hüquqlarına riayət olunması, polisin gündəlik işində demokratik dəyərlərin möhkəmləndirilməsi yollarının öyrənilməsi kimi problemlərə həsr edilmiş seminar və elmi-praktik konfranslar ölkəmizdə də keçirilir. Ötən illər ərzində BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların xətti ilə təşkil olunmuş 100-dən çox forum, müşavirə, treninq, seminar və təlimlərdə daxili işlər orqanlarının 2000-dən çox əməkdaşı iştirak etmişdir.
Tədbirlərin yüksək səviyyədə keçirilməsi məqsədi ilə bu işə Almaniya, Avstriya, İngiltərə, Fransa, Belçika, İspaniya, İsveçrə, Danimarka, Hollandiya və İtaliyanın polis və digər hüquq mühafizə orqanlarının yüksək ixtisaslı mütəxəssisləri cəlb edilmişlər.
Daha sonra avropalı qonaqlara ölkədəki kriminogen vəziyyətlə bağlı məlumat verilmiş, Azərbaycanın ən sabit və təhlükəsiz ölkələrdən biri olduğu onların nəzərinə çatdırılmışdır.
Xanım Klaudiya Luçiani səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunmuşdur.