DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclası açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki hər iki məsələnin aktuallığını, bu işin daim DİN rəhbərliyinin nəzarətində olduğunu bildirmişdir.
Nazir xüsusilə vurğulamışdır ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət, ölkəmizin sosial-iqtisadi yüksəlişi, beynəlxalq aləmdə qazandığı uğurlar şəxsi heyətdə haqlı qürur hissi doğurur və bütün fəaliyyətimiz sabitliyin ictimai asayişin qorunub saxlanılmasına yönəldilmişdir.
Gündəlikdəki birinci məsələ ilə bağlı Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyev məruzə ilə çıxış edərək bildirmişdir ki, dövlət idarələrinin və özəl obyektlərin etibarlı mühafizəsi təmin edilmiş, xidməti ərazilərdə cinayətkarlığa və ictimai qaydanı pozanlara qarşı fəal mübarizə aparılmışdır. Hazırda Baş Mühafizə İdarəsinin qurumları tərəfindən dövlət və xüsusi mülkiyyətə məxsus 6605 obyekt, o cümlədən xeyli sayda mənzil mühafizə olunur. Mülkiyyətçilərlə bağlanmış müqavilələr əsasında 800-dən çox obyektdə ictimai qayda qorunmaqla yanaşı, həm də əmlakın müşayiət edilməsi, diplomatik toxunulmazlığı olan şəxslərin təhlükəsizliyinin təmini, “həyəcan” siqnal sistemlərinə texniki qulluğun göstərilməsi kimi yeni xidmət növləri həyata keçirilir. Xidməti post və marşrutlarda cinayətkarlığa və ictimai qaydanı pozanlara qarşı mübarizə işi xeyli canlandırılmış, 62 qorunan obyektdə oğurluq hadisəsinin, 90 digər cinayətin qarşısı alınaraq 106 nəfər, axtarışda olan 43, ictimai qaydanı pozan 716 şəxs yaxalanaraq ərazi polis orqanlarına təhvil verilmişdir. Qorunan obyektlərdə 38 yanğın hadisəsinin qarşısı alınmış, qanunsuz saxlanılan 21 ədəd odlu silah, 56 ədəd əl qumbarası, 9 mindən çox döyüş sursatı aşkar edilib götürülmüşdür.
İkinci məsələ haqqında Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, istintaq, növbətçi hissə, narkotiklərlə mübarizə, təhqiqat xidmətlərinin əməkdaşları arasında maddi və mənəvi həvəsləndirmə hallarının artması daha qabarıq şəkildə özünü göstərmişdir. Bununla belə, cinayətkarlığa qarşı mübarizədə müsbət göstəriciləri olan bəzi baş idarə, idarə və şöbələr üzrə əməkdaşlar arasında sağlam mənəvi-psixoloji mühitin, işgüzar əhval-ruhiyyənin bərqərar edilməsində vacib şərtlərdən sayılan maddi və mənəvi həvəsləndirmə məsələlərinə lazımi prinsipiallıqla yanaşılmamışdır.
Müzakirələrdə müxtəlif rayon polis idarələri və şöbələrinin rəisləri və başqaları daha çox xidməti fəaliyyətdə buraxılmış nöqsanlar barədə danışmış, ilin sonunadək onları aradan qaldıracaqlarını bildirmişlər.
Kollegiya iclasına yekun vuran nazir Ramil Usubov son bir il ərzində Baş Mühafizə İdarəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində, o cümlədən cinayətkarlıqla mübarizə, polis əməkdaşlarının mülki mühafizə xidmətinə keçirilməsi sahəsində görülən işləri müsbət qiymətləndirmiş, ərazi polis orqanlarının rəislərindən, əməliyyat və xidmət aparatlarının rəhbərlərindən müxtəlif təyinatlı obyektlərin, mənzillərin mühafizəyə cəlb edilməsi yönündə praktik tədbirlər həyata keçirməyi, ailə-məişət münaqişəsi zəminində baş verən cinayətlərin profilaktikası və qarşısının alınmasında sahə inspektorlarının və əməliyyat müvəkkillərinin məsuliyyət hissini, onlara qarşı tələbkarlığın artırılmasını tələb etmişdir.
Ramil Usubov Rusiya Federasiyası hökumətinin qərarı ilə gələn ilin yanvarın 15-dən etibarən həmin ölkə ərazisində miqrantların ticarətlə məşğul olmalarına müəyyən məhdudiyyətlər qoyulduğunu, bununla əlaqədar həmvətənlərimizin qarşılaşacağı problemlərin həlli üçün Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Dövlət Komissiyası yaradıldığını xatırlamış, həmçinin sərəncamın icrası ilə əlaqədar aidiyyəti polis orqanlarının rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Nazir sahibkarların işinə yersiz müdaxilə edən, onlara maneçilik törədən hər bir əməkdaş barədə ən ciddi tədbirlər görüləcəyini bildirmiş, Bakı şəhərində nəqliyyatın maneəsiz hərəkəti üçün yol-patrul xidmətinin düzgün təşkili, hərəkətin intensivliyinin nizamlanması, tixacların aradan qaldırılması baxımından paytaxtın ərazi polis idarələrinin və Dövlət Yol Polisinin üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulamışdır.
Ramil Usubov vətəndaşların ərizə və şikayətlərinə vaxtında və obyektiv baxılmasının da hər zaman diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirmişdir. O, şəxsi heyət adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevi əmin etmişdir ki, respublikanın daxili işlər orqanları, onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar 2006-cı ili də yüksək göstəricilərlə başa vuracaq, cinayətkarlıqla uğurlu mübarizə bir an belə səngiməyəcəkdir.