SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Aprelin 8-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litva Respublikasının xarici işlər naziri Antanas Valionis ilə görüşmüşdür.
R.Usubov bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən hüquq islahatlar və digər tədbirlər sayəsində ölkəmizdə kriminogen vəziyyət sabit olaraq qalmaqdadır. Hüquqi, demokratik dünyəvi dövlət quruculuğu sahəsində respublikamızda görülən işlər barədə məlumat verən nazir onu da vurğuladı ki, hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi insan hüquq və azadlıqlarının qorunması sahəsində öz fəaliyyətini getdikcə təkmilləşdirir, Avropa Şurasının üzvü olan ölkələrin müvafiq strukturlarının hüquq-mühafizə sahəsində iş təcrübəsini öyrənir.
Daha sonra nazir dedi ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkəmiz Avropa strukturlarına inteqrasiya sahəsində mühüm addımlar atmışdır. Bir sıra beynəlxalq təşkilatların tam hüquqlu üzvü olan Azərbaycan Respublikasında demokratik prinsiplərin həyata keçirilməsi sahəsində ardıcıl və məqsədyönlü tədbirlər görülür.
Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litva Respublikasının xarici işlər naziri cənab Antanas Valionis səmimi qəbul üçün təşəkkür edərək, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirləri təqdir etdiyini, respublikamızda hökm sürən sabitlikdən, Avropa Şurası ilə Azərbaycan arasında sıx əməkdaşlıq yaranmasından məmnun olduğunu vurğuladı.