Daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
Bakı, 24 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 5-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, elan üzrə 8 dövlət orqanında mövcud olan 16 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Həmin vəzifələr üzrə qeydiyyatdan keçmiş 41 namizədlə ümumilikdə 52 müsahibənin keçirilməsi planlaşdırılır. Xatırladaq ki, daxili müsahibələr dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə təşkil olunur.
Məlumata görə, ən yüksək müsahibə göstəricisi Dövlət Statistika Komitəsinin Aparatında Maliyyə-inzibati şöbə üzrə dövlət orqanı aparatında şöbə müdiri vəzifəsi üzrə qeydə alınıb. Bir vakant yer üçün 9 namizəd qeydiyyatdan keçib.
Müsahibələrin iyunun 29-dan iyulun 27-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər vaxt və məkan barədə ətraflı məlumatı müvafiq elektron resurs vasitəsilə əldə edə bilərlər.
DİM-dən namizədlərin diqqətinə çatdırıb ki, müsahibələrin təşkili və keçirilməsi üçün həm Mərkəz, həm də dövlət orqanları tərəfindən xeyli vəsait və resurs sərf olunur. Bu baxımdan, namizədin müsahibədə iştirak etməməsi üzrlü hal kimi qiymətləndirilmir və məsuliyyətsizlik kimi xarakterizə olunur. Belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Qeyd edək ki, namizədlər müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək şəxsi kabinetləri vasitəsilə müraciət formasında “İMTİNA” düyməsini seçərək müsahibədə iştirakdan imtina edə bilərlər.
Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi ünvana gəlmələri xahiş olunur.