İDMAN
“Dəmir insanların” yeni zirvələri
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Triatlon Federasiyasının (ATF) qərargahında qurumun İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda yığmanın hazırkı vəziyyəti, gənclərdən ibarət komandanın təqvimi, “Ironman” üzrə yarışların nəticələri müzakirə edilib.
ATF-dən AZƏRTAC-a bildiriblər ki, federasiyanın prezidenti Azər Məhərrəmov komandamızın artıq Olimpiya marafonuna qatıldığını diqqətə çatdırıb.
Bildirib ki, idmançılarımız “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərində iştirak edirlər. Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində triatlonçular dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.
Hazırda komandamızın lideri Rostislav Pevtsov beynəlxalq reytinq cədvəlində 12-ci yerdə qərarlaşıb və Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparır. Kseniya Levkovskaya isə hələ ki 83-cü pillədədir.
Azərbaycanın gənclərdən ibarət yığması isə Fransada təlim-məşq toplanışı keçirir. Orada triatlonçuların hərtərəfli hazırlaşması üçün gözəl imkanlar var. Təqvimə əsasən, komandamız Ukraynada sınaq turnirində iştirak edəcək.
Cari ildə əsas komandamıza yeni idmançı - Aleksandr Şelest qatılacaq. Perspektivli triatlonçu gələcəkdə beynəlxalq yarışlarda çıxış edəcək.
Sonra isə “Ironman” üzrə yarışların nəticələri diqqət mərkəzində olub. “BakuTriClub”un üzvləri Astanada keçirilən “Ironman 70.3” turnirində, Frankfurtda təşkil olunan “Ironman” üzrə Avropa çempionatında mübarizə aparıblar. Firdovsi Kərimov Astanada uğurla çıxış edib, Aleksandr Parxomovski isə Almaniyada fərqlənib.
Xatırladaq ki, “BakuTriClub” Azərbaycan Triatlon Federasiyasının təşəbbüsü ilə yaradılıb.