DƏMİRYOLÇULARIN BEYNƏLXALQ TOPLANTISI BAKIDA İŞƏ BAŞLAMIŞDIR
Yığıncaq iştirakçılarını səmimiyyətlə salamlayan Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Arif Əsgərov yığıncağı açaraq, ölkəmizin polad magistrallarında görülən işlər, yüklərin mənzil başına vaxtında və təhlükəsiz çatdırılması istiqamətində həyata keçirilən tədbirlər, sərnişin daşınmasını artırmaq imkanlarından səmərəli istifadə və digər məsələrdən danışmışdır. DYƏT-in yaradılmasının 50 illik yubileyi münasibətilə həmkarlarını təbrik edən A.Əsgərov əminliklə bildirmişdir ki, təşkilat əhatə dairəsini daha da genişləndirəcək, bundan sonra da səmərəli fəaliyyət göstərəcəkdir.
Nəqliyyat nazirinin müavini Musa Pənahov Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin yığıncaq iştirakçılarına ünvanladığı təbrik məktubunu oxumuş, son illər ölkəmizdə nəqliyyat bölməsinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən yeni nəqliyyat layihələri, daşımaların vəziyyəti, perspektiv planlar və digər məsələlər barədə məlumat vermişdir. Son illər Azərbaycanda daşımaların həcminin və yük dövriyyəsinin sürətlə artdığını diqqətə çatdıran M.Pənahov, sərnişindaşımada və tranzit yüklərin həcmində əhəmiyyətli müşahidə olunduğunu bildirmişdir.
DYƏT-in sədri Şozda Tadeuş təşkilatın 50 illik yubileyinin yaxınlaşdığını xatırladaraq demişdir ki, zəngin iş şəraiti ilə yadda qalan təşkilat çətin və səmərəli dövr yaşamışdır. Qurumun fəaliyyəti üzv dövlətlərin iqtisadiyyatının inkişafına ciddi töhfələr vermişdir.
Təşkilata üzv qurumların rəhbərlərinə DYƏT-in Fəxri diplomları və yubiley nişanları təqdim edilmişdir.
Yığıncağa hazırlıq işləri görən işçi qrup 3 gün ərzində təşkilatın fəaliyyətinə, mövcud problemlərə və perspektivlərə dair sənədlər hazırlamışdır. Yığıncaqda Avropa ilə Asiya arasında dəmir yolu nəqliyyatında yüklərin cədvəl üzrə təhlükəsiz daşınmasına mane olan amillərin aradan qaldırılması, qurumun üzvü olan 27 ölkədə dəmir yolunun inkişaf perspektivləri və digər məsələlər müzakirə ediləcək, yeni layihələrə dair məsləhətləşmələr aparılacaqdır. Qurumun növbəti yığıncağının yeri və vaxtı da təyin ediləcəkdir. Təşkilatın 2007-ci il və ondan sonrakı illər üçün iş planı təsdiqlənəcək, büdcəsi müəyyənləşdiriləcəkdir.
Yığıncaq aprelin 28-də işini davam etdirəcəkdir.