ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunda aparılan elmi-tədqiqat işləri və alınan nəticələr müzakirə olunub
![](/files/galleryphoto/2022/3/1200x630/1665582156409449907_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655821565371255643_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655821564871264131_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müəssisənin baş direktoru vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda 2022-ci ilin ötən 9 ayı ərzində institutda aparılan elmi-tədqiqat işləri və alınan nəticələr müzakirə olunub.
İnstitutda fəaliyyət göstərən 8 laboratoriya və 7 şöbənin müdirləri rəhbərlik etdikləri laboratoriyaların elmi və elmi-pedaqoji fəaliyyəti, kadr hazırlığı, nəşr işləri, ezamiyyə və monitorinqlər haqqında geniş məlumat veriblər.
İclasda qeyd edilən məsələlər, aparılan işlər, mövcud problemlər ətraflı müzakirə edilib.
Daha sonra Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyeva sentyabrın 22-24-də keçirilən “Şuşa şəhəri və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda xüsusi xidmətlərinə görə mükafatlandırıldığı üçün AMEA rəhbərliyinə minnətdarlığını bildirib, tədbirin əhəmiyyətindən və Şuşa təəssüratından danışıb.