İQTİSADİYYAT
Dəniz Nəqliyyat Donanmasında mülki müdafiə təlimi keçirilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Dəniz Nəqliyyat Donanmasında 2017-ci ilin mülki müdafiə tədbirlər planına müvafiq olaraq, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin və xəbərdarlıq toplanışının təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi və mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanışı üzrə təlimi keçirilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, məşqin əsas məqsədi mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə normativlərinin yoxlanılması, qəza və dağıntıların aradan qaldırılmasında təşkilatçılığın və operativliyin artırılması, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması işlərinin təşkili və keçirilməsi üzrə rəhbər heyətə, fövqəladə hallar komissiyasına, idarəetmə orqanlarına təcrübələrini artırmaq imkanlarının yaradılması idi.
Rəhbər heyətin mülki müdafiə məşqi və mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanışı üzrə təlimə obyektin rəhbər heyəti, fövqəladə hallar komissiyası, mülki müdafiə qərargahı, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti və mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib.
Mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti daxil olan şərti siqnallara əsasən, fəaliyyət üzrə düzgün qərarlar qəbul edərək qısa müddət ərzində öz vəzifələrini təlimata uyğun yerinə yetiriblər.
Təlim iştirakçıların qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi, qüvvələrin qəza ocaqlarına göndərilməsi, ardıcıllığın müəyyən edilməsi, qəza-xilasetmə işlərinin təşkil edilməsi və yerinə yetirilməsi yollarının öyrədilməsi baxımından da faydalı olub.