Deputat: İnkişaf etmiş ölkələrdə Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmaq maraqları böyükdür
Bakı, 20 iyun, AZƏRTAC
İnkişaf etmiş ölkələrdə Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmaq maraqları kifayət qədər böyükdür.
AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda mütəmadi yenidənqurma və bərpa işləri həyata keçirilir. Nəzərə alsaq ki, xüsusən infrastrukturun formalaşdırılması və daha qısa zamanda işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prioritetdir. Bu istiqamətdə dövlət büdcəsində son iki ildə 4, 4 milyard manat vəsait ayrılıb. Eyni zamanda, xarici investisiyanın cəlb edilməsi, bu vəsait hesabına bütövlükdə həm istehsal, həm xidmət sektorunun yaradılması da əsas prioritetlər siyahısındadır. Bu baxımdan xarici dövlətlərlə investisiyanın cəlb edilməsi istiqamətdə danışıqlar aparılır. Güman olunur ki, bu, daha çox investisiyanın cəlb edilməsinə imkan yaradacaq. İqtisadiyyat Nazirliyinə yalnız qardaş ölkə Türkiyədən deyil, Avropanın bir sıra ölkələrindən investisiya qoyuluşu ilə bağlı müraciətlər edilib. Bu, onu göstərir ki, inkişaf etmiş ölkələrdə də Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmaq maraqları kifayət qədər böyükdür. Ağdam və Cəbrayılda sənaye parkının yaradılması ilə bağlı işlər davam etdirilir. Bu da xarici investisiyanın cəlb edilməsi prosesini daha da sürətləndirəcək.