Deputat: Koronavirusla mübarizədə məsuliyyətsizliyə yol verilməməlidir
Bakı, 12 avqust, AZƏRTAC
Bu ilin yanvarından ölkəmizdə vaksinasiya prosesinə başlanılıb. Bu da Azərbaycanda koronavirusa qarşı görülən tədbirlərin effektivliyini artırıb. Operativ Qərargahın son məlumatına əsasən, ölkədə vaksinasiya olunanların ümumi sayı 5 milyon 543 min 311, son sutkada, yəni, avqustun 11-də vaksin vurulanların sayı isə 65 min 269 nəfər təşkil edib.
Ölkədə karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılışı, şənlik mərasimlərinə icazə, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına, yoluxma sayının kəskin artmasına və ölüm hallarında müşahidə olunan artımlara səbəb olub. Bu da ciddi narahatlıq doğurmaya bilməz.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.
Deputat qeyd edib ki, iki həftə bundan əvvəl ölkədə gündəlik yoluxma 272 nəfər təşkil edirdisə, indi bu rəqəm artıq iki minə yaxınlaşıb. Yoluxma sayı artdıqca, ölüm sayı da çoxalmaqdadır. Qarşıdan payız aylarının gəldiyi, bu fəsildə infeksion xəstəliklərin daha çox yayılacağı nəzərə alınarsa, yoluxmanın daha da genişlənəcəyi istisna edilmir. Belə olan halda, ölkədə məhdudiyyətlərin yenidən tətbiqi məsələsi gündəmə gəlir.
Dünyada, xüsusilə region ölkələrində, o cümlədən Rusiya, İran, Gürcüstanda COVID-19-a yoluxma hallarında kəskin sıçrayışın müşahidə olunması, son dövrlər ölkəmizdə sürətlə artan yoluxma sayı Azərbaycanda da koronavirusun yeni dalğasının yayılmasını qaçılmaz edir. Qonşu Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb: iyunda bu rəqəm 5-7 min idisə, indi isə 22-25 min təşkil edir. Qonşu Gürcüstanda son sutkada 3344 nəfər yoluxub, 30 nəfər vəfat edib. Qonşu Rusiyanı götürsək, yalnız paytaxt Moskvada son sutkada yoluxanların sayında 20 faizlik artım qeydə alınıb. Digər qonşumuz İranda isə yoluxmada son vaxtların maksimum göstəricisi qeydə alınıb - bir gündə 39 min 619 yoluxma. Bu xəbərlər, əslində, bizi səfərbər etməlidir ki, daha çox özümüzü və ətrafdakıları qoruyaq. Ancaq təəssüf ki, arzuolunan davranışları bəzən göstərə bilmirik. Laqeydlik göstərən insanlar özlərinin, yaxınlarının, ətrafdakı bütün insanların həyatına təhlükə yaradırlar.
Deputat diqqətə çatdırıb ki, karantin rejimi yumşaldılsa da, koronavirusla bağlı təhlükə hələ sovuşmayıb. Koronavirusla mübarizədə həmrəylik göstərilməli, məsuliyyətsizliyə yol verilməməlidir. Əks təqdirdə, yoluxma arta bilər və biz yenidən əvvəlki məhdudiyyətlərə, ciddi qaydalara, rejimə qayıda bilərik. Qadağaların sərtləşməsini heç birimiz arzu etmərik. Bundan yeganə çıxış yolumuz insanların koronavirus əleyhinə peyvənd olunmasıdır. Bu gün vaksinasiya prosesi davam edir, amma bu prosesi sürətləndirməliyik. Digər mübarizə üsullarından olan maska, məsafə, dezinfeksiya, yəni, 3 əsas qaydaya da ciddi riayət edilməlidir. Bu qaydalara əməl etmək, ictimai tədbirlərdən uzaq durmaq başlıca şərtlərdəndir.
“Vaksinasiya prosesinə fəal şəkildə qoşulmaq, koronavirusla mübarizəyə dəstək göstərmək hər birimizin borcudur. Unutmamalıyıq ki, yoluxma və ölüm sayında artım bu templə davam etsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər. Vaksinasiya hər bir vətəndaşın sosial məsuliyyətidir. Özümüzü və ətrafımızdakı insanları qorumaq üçün hər birimiz bu prosesdə fəal və məsuliyyətli davranmalıyıq”, - deyə deputat qeyd edib.
Azərbaycanın vaksinasiya prosesinə qoşulan ilk ölkələr sırasında olduğunu bildirən T.Cəfərova vurğulayıb ki, COVID-19 virusunun yayılmağa başladığı ilk günlərdən ölkəmiz xəstəliklə mübarizədə bütün qüvvələri səfərbər edib. Azərbaycan dövləti qlobal miqyasda xəstəliklə mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-yə ianələr edib, həmçinin 30-dan çox ölkəyə dövlətimiz birbaşa yardımlar göndərib. “Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə ölkəmizdə böyük təşkilatı işlər görülüb. Bu məqsədlə səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilib, kadr təminatı və müxtəlif ölkələrdən tibbi ekspertlər dəvət edilib. Xaricdən dəvət olunmuş tibb heyəti sözsüz ki, öz təcrübəsini azərbaycanlı həkimlərlə bölüşüb. Qısa zaman ərzində ölkəmizdə 40-dan çox laboratoriya yaradılıb. 50-yə yaxın tibb müəssisəsi pandemiya ilə mübarizə üçün ayrıldı. Bununla yanaşı, ölkəmizdə iqtisadi, sosial müdafiə sahələrində də böyük işlər görüldü. Yoluxma sayının azaldılması üçün bir neçə dəfə sərt karantin rejimi tətbiq edildi. Pandemiya ilə mübarizə məqsədi ilə həyata keçirilən bütün bu tədbirlər əhalinin sağlamlığının qorunmasına yönəldilib”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Tamam Cəfərova qeyd edib ki, ölkəmizin pandemiya ilə mübarizə məqsədilə həyata keçirdiyi vaxtında və təxirəsalınmaz tədbirlərin nəticəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı COVİD-19-la mübarizədə nümunəvi ölkə kimi qiymətləndirdi.
Deputat deyib: “Təbii ki, ən vacib məqam ondan ibarətdir ki, dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində hər zaman Azərbaycan xalqının rifahı və sağlamlığı dayanır. Görünən işlər, həyata keçirilən tədbirlər məhz bu məqsədə xidmət edir”.