Deputat: Nəzərlər yenə UNEC-ə yönəlir
Bakı, 29 aprel, AZƏRTAC
Koronavirus pandemiyası bütün ölkələrin təhsil sistemlərini təhdid edib. Distant təhsil qaçılmaz olub. Bu, bütün təhsil fəaliyyətini, o cümlədən mühazirə, seminar, laboratoriya işləri, kurs və diplom layihələrini əhatə edir. Təhsilin bu formatı qabaqcıl texnologiyalardan istifadə imkanlarını genişləndirir, təhsilin individual xarakterini gücləndirir, auditoriya dərsləri keçməyə imkanı olmayan böyük alimləri tədris prosesinə cəlb edir, məsləhətlərin çevik formada verilməsini intensivləşdirir, əhalinin geniş təbəqələrinin təhsilə əlçatanlığını təmin edir və s. Başqa sözlə, distant təhsil fasiləsiz təhsilin ayrılmaz tərkib hissəsidir. Bura distant idarəetməni də əlavə etsək, prosesi tamamlamış olarıq. Sadaladığım keyfiyyətləri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) distant təhsil nümunəsində görürük. Bütün bunlar daha da inkişaf etdirilərək “Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar” UNEC Distant Ali təhsil Beynəlxalq Forumu-2020 layihəsində kulminasiya nöqtəsinə çatdı.
Bu barədə AZƏRTAC-a Milli Məclisin deputatı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev məlumat verib. O qeyd edib ki, qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə töhfə vermək məqsədilə UNEC distant ali təhsillə bağlı hər il keçiriləcək beynəlxalq foruma start verib. İlk belə forum mayın 1-də saat 16-da onlayn keçiriləcək. Forum Azərbaycan dilində aparılacaq və Almaniya, Türkiyə, Kanada, İngiltərə və ABŞ-dan olan azərbaycanlı alimlər distant təhsillə bağlı dəyərli mülahizələrini bölüşəcəklər. Bu forum da tələbələr, müəllimlər, geniş əhali təbəqəsi üçün distant təhsilin əlçatan olmasını təsdiqləyəcək, təhsilin bu vacib növünün fəlsəfəsinə yeni çalarlar verəcək və optimistlər üçün geniş fürsət yaradacaq.