Dəridə çillərin yaranması və ondan xilas yolu
Bakı, 12 iyul, AZƏRTAC
Dəridə çillərin yaranması narahatlıq doğuran haldır. Çillərə əsasən kürən və sarışınlarda, az hallarda isə saçı şabalıdı rəngdə olanlarda rast gəlinir.
AZƏRTAC xəbər verir ki, kosmetoloq Gülnar Zeynallı deyib: “Meloninin yüksək dərəcədə pozuntusu nəticəsində xoşagəlməz çillər yaranır. Çillər bəzən xoş görüntü yaratsa da, onun ağır formada yaranışı xoşagəlməz təəssürat yaradır. Onunla mübarizə bəzən qısa zaman çəkir, bəzən isə uzun illər vaxt aparır. Çillər hansısa bir kremlə və digər sadə vasitələrlə təmizlənə bilməz. Onunla mübarizə üçün əsasən lazer prosedurlarından istifadə olunur. Lakin bunu yay aylarında yox, ilin soyuq fəsillərində aparmaq məsləhətdir”.
Çillərin yaranması Günəşin dəriyə zərərli şüalarının təsiri ilə baş verir. Onlar yazda tündləşir, yayda isə şiddətlənir. “Çillərdən qorunmaq üçün Günəşin zərərli şüalarından ehtiyatla istifadə olunmalıdır. SPF kremlərdən, dəri tipinə görə daha çox melonin az olan açıq dərili və quru dərisi olanlar daha tez çillənməyə meyilli olurlar”, - deyə kosmetoloq əlavə edib.
Çillərdən qurtulmaq üçün həkim və ya kosmetoloq məsləhəti olmadan krem və dərmandan istifadə etmək düzgün deyil. Bu, dəridə başqa problemlərin yaranmasına gətirib çıxara bilər.