Dərsliklərin məzmun, dil və yazı üslubu müzakirə olunub
Bakı, 31 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan, ingilis, rus dilləri, kimya, fizika, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə növbəti elmi-metodik seminarlar keçirilib. Seminarlarda 10-cu sinif “English”, 11 ci sinif “Kimya”, 7-ci sinif “Fizika”, 10-cu sinif “Russkiy yazık”, 10-cu sinif “Biologiya”, 6-11-ci siniflər üçün “Tarix” və “Coğrafiya” (6-11-ci sinif dərslikləri üzrə “Kartoqrafiya” bölməsi) dərslikləri məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib. Hazırlanacaq tövsiyələr xidməti istifadə üçün müvafiq şöbələrə təqdim ediləcək.
Azərbaycan dili fənni üzrə seminarda iyulun 7-də III ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodik baxımdan təhlili aparılıb.
Riyaziyyat fənni üzrə seminarda isə iyunun 23-də I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodik baxımdan təhlili aparılıb.
Hər bir tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi, fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu təhlil edilib. Təhlil göstərib ki, tapşırıqlar abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Həmçinin tapşırıqlar məzmun standartlarının təlim nəticələrinə uyğun olub.
Müzakirələr zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. Habelə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc olunacaq.
Seminarlarda Bakı, Xırdalan, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.