Dərzi peşəsi üzrə hazırlıq kursunda növbəti qrupun təlimləri başlayıb
Bakı, 10 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzi və Bakı Tikiş Evinin birgə təşkilatçılığı ilə dərzi peşəsi üzrə hazırlıq kursunda növbəti qrupun təlimləri başlayıb. 12 nəfərin cəlb olunduğu kurs 2 ay davam edəcək.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək. Təlimlər başa çatdıqdan sonra imtahanlardan uğurla keçən məzunlara sertifikat təqdim ediləcək və onlar Bakı Tikiş Evində işlə təmin olunacaqlar.
Qeyd edək ki, bundan əvvəlki kursun məzunu olan 9 nəfər artıq işlə təmin olunub, onlarla əmək müqaviləsi imzalanıb. Hazırda 10 müdavimin cəlb olunduğu bundan əvvəlki qrupun təlimləri isə davam edir.
Peşə hazırlığı kursuna qatılmaq istəyən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon sakini olan işsiz şəxslər Ərazi Məşğulluq Filiallarına və ya DOST Mərkəzlərinə müraciət edə bilərlər.