DİA-da icra hakimiyyəti orqanlarının şöbə rəhbərləri üçün təlim proqramına başlanılıb
Bakı, 2 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2014-cü il 11 dekabr tarixli Fərmanı və həmin sənədə 2025-ci il 15 may tarixli Fərmanla təsdiq olunmuş dəyişikliklərə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) icra hakimiyyəti orqanlarının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələrinin rəhbərləri üçün “Su hövzələrinin bioloji ehtiyatlarının optimal idarəedilməsi” mövzusunda təlim proqramına start verilib.
Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.
Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi kafedrasının müəllimi, Davamlı İnkişafda Mavi Texnologiyalar Mərkəzinin direktoru biologiya elmləri doktoru, professor Mehman Axundov tərəfindən keçiriləcək.
Təlimin ilk günü professor Mehman Axundov mühazirə zamanı su bioresurslarının idarə edilməsinin dövlət siyasəti baxımından strateji əhəmiyyətini, ekosistem əsaslı idarəetmə modellərini və beynəlxalq təcrübədə tətbiq olunan müasir elmi yanaşmaları geniş şəkildə şərh edib. O, həmçinin təbii ehtiyatların mühafizəsi, ekosistem xidmətlərinin idarə olunması və resurs istifadəsinin elmi əsaslandırılması üzrə konseptual çərçivələri və onların idarəetmə proseslərinə inteqrasiyası ilə bağlı ətraflı izahlar təqdim edib.
Təlim çərçivəsində su hövzələrinin bioloji müxtəlifliyinin qorunması, ekoloji tarazlığın təmin olunması, eləcə də su bioresurslarının səmərəli və davamlı idarə edilməsi kimi əsas istiqamətlər üzrə müasir metodoloji yanaşmalar və tətbiqi idarəetmə modelləri mərhələli şəkildə təhlil ediləcək. Təlim müddətində professor Mehman Axundov tərəfindən ekosistem əsaslı idarəetmə strategiyaları, adaptiv resurs planlaşdırılması, biomonitorinqin elmi baza prinsipləri, elmi məlumatlara əsaslanan qərar qəbuletmə mexanizmləri və beynəlxalq təcrübədə formalaşmış innovativ idarəetmə alətlərinin tətbiqinə dair sistemli izahlar təqdim olunacaq.
Ümumilikdə həftədə 2 dəfə olmaqla 16 saatlıq təlim proqramının dekabrın 26-dək onlayn formada təşkil edilməsi nəzərdə tutulub.