DİASPOR TƏŞKİLATLARI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNİ QEYD EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatlarının ümummilli lider Heydər Əliyevin 85 illik yubileyini geniş qeyd etmələri ilə bağlı tədbirlər planı hazırlamışdır.
Dövlət Komitəsindən bildirmişlər ki, tədbirlər planına uyğun olaraq ulu öndərin yubileyi dünyanın 30-dan çox şəhərində qeyd ediləcəkdir.
Türkiyə - Mayın 10-da Ankarada Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADF) ümummilli liderin 85 illiyinə həsr olunmuş konfrans keçirəcəkdir. TADF-in ofisinin açılış mərasimi də məhz həmin gün keçiriləcəkdir.
Mayın 13-də Adana-Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyi Adana Böyükşəhər Bələdiyyəsinin konsert salonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə yubiley konserti təşkil edəcəkdir. Mayın 14-də isə Adana-Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyi Heydər Əliyev Fondunun dəstəyi ilə Ceyhanda Heydər Əliyev muzeyini açacaq və bu münasibətlə böyük konsert olacaqdır. Bir gün sonra isə qardaş ölkənin İsgəndərun şəhərində Adana-Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyi və Hatay Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyi Atatürk meydanında ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş toplantı və Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert təşkil edəcəklər.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti mayın 10-da ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş konfrans keçirəcəkdir.
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİs) də Təl-Əvivdə ulu öndərin yubileyinə həsr olunmuş toplantı keçirəcəkdir.
Bu münasibətlə daha bir toplantını mayın 8-də Berlində fəaliyyət göstərən Azərbaycan Evi keçirəcəkdir. Parisdəki Azərbaycan Evi də ulu öndər Heydər Əliyevin yubileyini qeyd edəcəkdir.
Mayın 3-də Amsterdamda Benilüks Azərbaycanlıları Konqresi ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, dünya azərbaycanlıları arasında milli həmrəyliyin yaradılması sahəsindəki xidmətlərinə həsr olunmuş konfrans keçirəcəkdir.
Niderlandın Rotterdam şəhərində mayın 9-da ulu öndərin 85 illiyi münasibətilə gənclər üçün kiqboksinq idman məktəbinin açılışı, mayın 10-da isə həftə sonu məktəbinin açılışı olacaqdır.
Mayın 10-da Budapeştdə Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş konfrans keçirəcəkdir.
Eyniadlı tədbiri həmin gün Kişinyov şəhərində Moldova Azərbaycanlıları Konqresi Azərbaycanın Moldovadakı səfirliyi ilə birlikdə təşkil edəcəkdir.
Ulu öndərin doğum günü Buxarestdə Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının, Azərbaycanın bu ölkədəki səfirliyinin və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin birlikdə keçirəcəkləri tədbirlə qeyd olunacaqdır.
Mayın 10-da Polşa-Azərbaycan Mədəniyyət Cəmiyyəti Azərbaycanın Polşadakı səfirliyi ilə birlikdə, Praqada isə “Azəri-Çex” Cəmiyyəti ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması sahəsindəki tarixi xidmətlərinə həsr olunmuş konfranslar keçirəcəklər.
Baltikyanı dövlətlərdə də yubiley tədbirləri mayın 10-da təşkil olunacaqdır. Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti və Azərbaycanın Litvadakı səfirliyi ilə birgə, Tallinndə Eston-Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüsü və Azərbaycan və türk icmalarının iştirakı ilə, Riqada isə “Ocaq” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndərin yubileyi münasibətilə konfrans və müxtəlif tədbirlər keçiriləcəkdir.
Ulu öndər Heydər Əliyevin yubileyi münasibətilə ABŞ-dakı diaspor təşkilatlarımız da bir neçə tədbir keçirməyi nəzərdə tutmuşlar.
Mayın 10-da Nyu-Yorkda Amerika Azərbaycanlıları Cəmiyyəti ABŞ konqresmenlərinin, dövlət rəsmilərinin və yəhudi icmaları rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirəcəkdir. Həmin gün Los-Ancelesdə “Amerikalı Azərbaycanlılar Şurası” Azərbaycanın bu şəhərdəki baş konsulluğu ilə birgə yubiley toplantısı təşkil edəcəkdir. Mayın 11-də Vaşinqtonda “Azeri’s Network” şəbəkəsi Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birlikdə ulu öndərin anadan olmasının 85 illiyinə həsr olunmuş forum keçirəcəkdir. Hyustonda “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyası da ulu öndər Heydər Əliyevin 85 illiyi münasibətilə fotosərgi və ziyafəti mayın 11-də təşkil edəcəkdir.
Mayın 9-da Kanadada Beynəlxalq Niaqara Festivalı çərçivəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın tanınmış heykəltəraşı Ömər Eldarov tərəfindən hazırlanmış büstünün açılışı olacaqdır. Niaqara şəhərində Heydər Əliyev adına “Şərq-Qərb” Azərbaycan Beynəlxalq Universal Mədəni Dəyərləri Mərkəzinin açılışı olacaqdır. Təşkilatçı Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasıdır.
Mayın 11-də isə Toronto şəhərində Kanadanın mərkəzi və yerli idarəetmə orqanları nümayəndələrinin, ictimai-siyasi xadimlərinin iştirakı ilə “İpək Yolu” Kanada-Azərbaycan kamera orkestrinin konserti olacaqdır. Orkestrin bədii rəhbəri və dirijoru həmyerlimiz İsmayıl Hacıyevdir. Mayın 15-də isə Torontoda Kanada Azərbaycanlıları Alyansı ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə yubiley tədbiri keçirəcəkdir.
Mayın 9-da Bişkekdə “Azəri” İctimai Birliyi “Türkdilli dövlətlərin siyasətinə dəstək” Fondu ilə birlikdə, Düşənbədə isə Azərbaycan-Tacikistan “Dostluq” Cəmiyyəti Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş konfranslar təşkil edəcəklər.
Mayın 10-da Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiyasiyası, Astanada “Xəzər” İctimai Birliyi, Almatıda isə “Turan” konqresi ümummilli liderin yubileyi münasibətilə silsilə tədbirlər keçirəcək, konsertlər təşkil edəcəklər.
Gürcüstanın Marneuli şəhərində fəalİyyət göstərən “Azərbaycanlıların Mədəniyyət Mərkəzi” də ulu öndərin 85 illiyini mayın 10-da qeyd edəcəkdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyini Ümumrusiya Azərbaycan Konqresi Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi ilə birlikdə Moskva və Rusiyanın bir neçə şəhərində qeyd edəcəklər.
Ukrayna Azərbaycanlıları Konqresi isə Kiyev və Dnepropetrovsk şəhərlərində yubiley tədbirləri keçirəcəkdir.
Belarus-Azərbaycan İcmaları Konqresi də ulu öndərin doğum günü münasibətilə tədbir keçirməyə hazırlaşır.