ELM VƏ TƏHSİL
Dilçi alim: Uşağa ad seçmək gənc valideynlərdən ciddi məsuliyyət tələb edir
![Dilçi alim: Uşağa ad seçmək gənc valideynlərdən ciddi məsuliyyət tələb edir](/files/2024/1/1200x630/1707983884939132733_1200x630.jpg)
Bakı, 15 fevral, AZƏRTAC
Bu günlərdə bir çox media subyektlərində və sosial şəbəkələrdə 2023-cü ildə doğulmuş uşaqlara verilməsinə cəhd edilən biabırçı adların yeni siyahısı yayımlanıb.
Məsələ ilə bağlı AZƏRTAC-a açıqlama verən AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü bildirib ki, ad insanın pasportudur, şəxs adları cəmiyyət üzvlərini bir-birindən fərqləndirmək üçün qoyulur. Uşaqlara uyğunsuz ad qoyulması gələcəkdə onu gülüş obyektinə çevirə bilər. Ona görə də hər bir ad seçilərkən düzgün düşünülməlidir. Onların mənası, səslənməsi, ahəngdarlığı diqqət mərkəzində olmalıdır. Advermə cəmiyyət tarixində çox zəruri və qanunauyğun hadisədir. İnsana ad vermək son dərəcə çətin və məsuliyyətli bir iş olmaqla yanaşı, həm də olduqca şərəflidir.
“Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” qaydalarının 1.4 bəndinə əsasən, “uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir”. Təəssüf ki, bir sıra valideynlər uşaqlarına Mayar, Maynisə, Kürsüm, Kurtkaya, Qəribə, Dominik, Alay, Alaya, Alana, Alaz, Aya, Ayə, Ayat, Ayasofya, Ayanur, Balay, Balabikə, Şirbəy, Bircəgül, Gülüzə, Gülan, Gülqənd, Gülənməd, Gülsurat, İton, Elqam, Elaine, Ellda, Elfun, Elba, Yaşam, Dalila, Daliya, Ayris, Ayçan, Ayid, İyad, Faləddin və s. kimi gülməli adlar verirlər. Belə adların qoyulması ailələrin fərdi baxışlarından, dünyagörüşlərindən irəli gəlir. Kömək məqsədilə körpələrə ad seçmək və ad qoymaq üçün xeyli sayda şəxs adları ilə bağlı lüğət və ensiklopediyalar nəşr olunub. Valideynlərə ad seçərkən belə mənbələrdən istifadə etməyi tövsiyə edirik”, - deyə dilçi alim qeyd edib.
O bildirib ki, şəxs adları müəyyən məna ilə bağlıdır. Dünyaya yenicə göz açan hər bir körpəyə ad seçmək, onu düzgün adlandırmaq zəruri ictimai hadisələrdəndir. Buna görə də uşağa ad seçmək, ona ad vermək gənc ata-analardan ciddi məsuliyyət tələb edir. Bu, tarixən belə olmuş, bundan sonra da məsuliyyətli vəzifə olaraq qalacaqdır. Adın gözəlliyi, təravəti onun düzgün deyilişi və yazılışından çox asılıdır. Şəxs adlarından ədəbi tələffüz normaları əsasında istifadə edilməsi yüksək nitq mədəniyyətinin əsas əlamətlərindən biridir.