Dilçilik İnstitutunun alimləri yeni kitab və monoqrafiyalar üzərində çalışırlar
Bakı, 27 aprel, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları elmi fəaliyyətlərini COVID-19 pandemiyası dövründə sosial təcrid şəraitində də davam etdirir, elmi yaradıcılıqlarını genişləndirir, telegörüşlərdə iştirak edir, monoqrafiya, kitab və məqalələrin hazırlanması ilə bağlı onlayn müzakirələr aparırlar.
AZƏRTAC AMEA-nın saytına istinadla xəbər verir ki, bu barədə
İnstitutun direktoru, akademik Möhsün Nağısoylu rəhbəri olduğu müəssisədə xüsusi karantin rejimi dövründə həyata keçirilən tədbirlərə dair müsahibəsində məlumat verib. O, institutun elmi kollektivinin dövlətin koronavirus pandemiyası ilə əlaqədar qəbul etdiyi qərarların icrasında fəal iştirak etdiklərini qeyd edib. Bildirib ki, qurumun əməkdaşları 2020-ci ilin I yarısı üçün həyata keçirilməsi nəzərdə tutulan işləri tam şəkildə yerinə yetirə bilməsələr də, nəzəri-təcrübi araşdırmalarını karantin rejimi çərçivəsində davam etdirirlər.
Alim bir müddətdir üzərində çalışdığı, dünya türkoloqlarının da tədqiqat obyektinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanının yeni variantının əlyazmasının üç nəşrini orijinal mətnlə müqayisə edərək, onun elmi-tənqidi mətnini hazırladığını, qrammatik-tekstoloji oçerki və sözlüyünü tərtib etdiyini söyləyib. Bildirib ki, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova ilə həmmüəllif olduqları “Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı” adlı monoqrafiya nəşriyyata təqdim edilib.
Akademik M.Nağısoylunun sözlərinə görə, institutun alim və tədqiqatçıları “Azərbaycan dilinin kök sözlər lüğəti”, “Müasir Azərbaycan dilinin qrammatikası”, “Azərbaycan dilinin izahlı lüğəti”, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”, “Müstəqil türk dövlətlərində dil siyasəti” və digər prioritet mövzularda elmi işlərini davam etdirir, yeni kitab və monoqrafiyaların üzərində çalışırlar.
O, institut əməkdaşlarının AMEA-nın Mərkəzi Elmi Kitabxanasının veb-səhifəsinin yaratdığı imkanlardan istifadə etdiklərini də vurğulayıb.
Direktor Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi, ədəbi dil normalarının pozulmasının qarşısının alınması, monitorinqlərin keçirilməsi və buna uyğun olaraq treninqlərin təşkilinin Dilçilik İnstitutunun prioritet istiqamətlərindən olduğunu qeyd edib. O, hazırda institutun Monitorinq şöbəsinin bu sahədə işləri onlayn formada davam etdirdiklərini bildirib.
M.Nağısoylu əməkdaşların sosial təcrid günlərində televiziya və radio kanallarında çıxışlar etdiklərini, beynəlxalq və yerli elm mərkəzləri ilə əməkdaşlıq qurduqlarını deyib.