Dillər Universitetində Qixi bayramı qeyd olunub
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Qixi - Çinin Sevgililər Günü” adlı onlayn seminar keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin ənənəvi bayramlarından danışıb. Diqqətə çatdırıb ki, Qixi bayramı hərfi mənada yeddinci gecə deməkdir. Bu gün ay təqviminə görə yeddinci ayın yeddinci gecəsinə təsadüf edir. Bu isə o deməkdir ki, festival günü hər il Miladi təqviminə görə dəyişir. Uzun bir tarixə malik olan Qixi festivalı Çin xalqının ulduzlara hörmətini göstərir. Bayram çinlilərin sevgi və həyata baxışını əks etdirir.
Universitetin çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova Qixi festivalının Çin mədəniyyəti ilə əlaqəli olduğunu deyib. Qixi - Çinin Sevgililər Günü əfsanəsindən danışan Ş.Məmmədova Niu Lang adlı yaraşıqlı və xeyirxah bir fermerin toxucu olan Zhi Nu adlı gözəl bir qızla evləndiyini və daha sonra Zhi Nunun ilahə olduğu üçün göylərə çəkildiyini bildirib. O, Qixi festivalının ənənələri barədə məlumat verib, eləcə də festivalın subay qızlar və aşiq cütlüklər üçün əhəmiyyətli bir gün olduğunu vurğulayıb. Qeyd edib ki, festivalın sonunda “Qixi şirniyyatı”nın yeyilməsi cəmiyyətin yeni qəbul etdiyi ənənələrdən biridir.