DİM-də tarix, fizika, kimya, biologiya və coğrafiya fənlərindən onlayn hazırlıq kursları keçirilib
Bakı, 1 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) tarix, fizika, kimya, biologiya və coğrafiya fənlərindən qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və açıq tipli tapşırıqların yoxlanılmasına dair hazırlıq kursları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən həyata keçirilib.
Kurslarda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.
İclasda şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı haqqında məlumat verərək qeyd edib ki, kursun nəzəri hissəsi mövcud şəraitə görə 2 gün ərzində onlayn qaydada keçiriləcək. Bildirilib ki, kursun praktiki hissəsində iştirakçılar ev tapşırıqlarını bir ay müddətində internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməlidir. Hazırlıq kursunun sonunda Bakı şəhərindən olan iştirakçılar DİM-in Ə.Salamzadə, 28 ünvanında yerləşən binasında, regionlarda yaşayan iştirakçılar isə yaşadığı əraziyə ən yaxın DİM-in müvafiq bölmələrində cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesindən (kalibrləmə) keçməlidir.
Hazırlıq kurslarında moderatorlar Hafiz Cabbarov (tarix fənni üzrə), Sona Hacılı və Əlövsət Rəcəbli (hər ikisi fizika fənni üzrə), Elşad Abdullayev (kimya fənni), Nailə Əliyeva (biologiya fənni), Nərminə Seyfullayeva (coğrafiya fənni) müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan altstandartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.
Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.