DİM: Magistraturaya qəbul olunanların 6 mindən çoxu dövlət sifarişi əsasında təhsil alacaq
Bakı, 31 iyul, AZƏRTAC
Magistraturaya qəbulun əsas yerləşdirmə mərhələsinin nəticələrinə əsasən, qəbul olunanlardan 6580 nəfəri dövlət sifarişi, 7213 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Həmçinin 52 nəfərin təhsil haqqını dövlət ödəyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Qeyd olunub ki, bu il ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166 nəfər daha çox olub. Əsas yerləşdirmədən sonra magistraturaya qəbul olunanların sayı da bu il 399 nəfər daha çoxdur. Ötən il 5798 nəfər dövlət sifarişi ilə qəbul olubsa, bu il 6580 nəfər dövlət sifarişi, 52 nəfər isə dövlət hesabına qəbul olunub. Yəni ötən illə müqayisədə daha çox bakalavr (834 nəfər) ödənişsiz təhsil almaq imkanı əldə edib.
2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 17 min 658 plan yerinin 13 min 845-i (78.41 faiz) dolub. Ötən il müvafiq göstərici 16 min 848 plan yeri və 79.81 faiz olub. Göründüyü kimi, bu il plan yerləri də daha çox (810 yer) olub.
Ümumiyyətlə, plan yerlərinin müəyyən hissəsinin boş qalacağı əvvəlcədən də bəlli idi. Çünki ixtisaslaşma seçimi edən bakalavrların sayı 15 min 721 olduğu halda, plan yerlərinin sayı 17 min 658 idi.
DİM sədrinin sözlərinə görə, magistraturaya qəbul olunanların 10 min 510 nəfəri cari ilin, 3 335 nəfəri isə əvvəlki illərin məzunudur.