ELM VƏ TƏHSİL
DİM: Test imtahanında uğur qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb
Bakı, 13 noyabr, AZƏRTAC
İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün noyabrın 12-də keçirilmiş test imtahanından müvəffəqiyyət əldə etmiş namizədlər sertifikat almaq üçün noyabrın 24-dək (saat 18:00) Dövlət İmtahan Mərkəzinin (DİM) saytında müvafiq linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
-Ali təhsil haqqında sənədin surəti;
-Əmək kitabçasının surəti (olduğu halda);
-Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Akademik Həsən Əliyev küçəsi, 299) təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.