DİM və IAEA arasında əməkdaşlıq genişlənir
Bakı, 16 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Londona səfəri çərçivəsində Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) prezidenti Mafu S. Rakometsi və IAEA-nın Qəyyumlar Şurasının üzvləri ilə görüşüb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə DİM ilə IAEA arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, qiymətləndirmə sahəsində yeniliklər, assosiasiyanın cari fəaliyyəti və əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşün sonunda IAEA-nın prezidenti Mafu S. Rakometsi tərəfindən DİM-in 10 illik yubileyi münasibətilə Məleykə Abbaszadəyə “Təbrik sertifikatı” təqdim edilib.
Qeyd edək ki, DİM ilə IAEA arasında əməkdaşlığın əsası 1999-cu ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının assosiasiyaya üzv olduğu dövrdə qoyulub. Azərbaycan 2007 və 2019-cu illərdə IAEA-nın illik konfranslarına ev sahibliyi edib. Mərkəzin əməkdaşları da assosiasiyanın müxtəlif ölkələrdə keçirilən konfranslarında çıxış edərək Azərbaycanın qiymətləndirmə sahəsindəki təcrübəsini beynəlxalq auditoriya ilə bölüşüblər.
DİM-in nümayəndə heyətinin Londona səfəri çərçivəsində, həmçinin Mərkəzin Rəqəmsal inkişaf, innovasiyalar və strateji layihələrin idarə edilməsi şöbəsinin müdiri Elmir Şirinov IAEA-nın strateji inkişaf istiqamətlərinin müzakirə olunduğu illik görüşdə iştirak edib. O, tədbirdə DİM-in nümayəndəsi və IAEA-nın Qəyyumlar Şurasının üzvü qismində təmsil olunub.
Elmir Şirinov, eyni zamanda, IAEA-nın Qəyyumlar Şurası yanında fəaliyyət göstərən Strateji Kommunikasiya Komitəsinə rəhbərlik edir. Ağa Xan Mərkəzində keçirilən ikigünlük görüşlərdə assosiasiyanın strateji inkişaf istiqamətləri, institusional dayanıqlılığın gücləndirilməsi, üzvlüyün genişləndirilməsi, üzvlərin fəallığının artırılması, kommunikasiya və marketinq strategiyalarının təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı beynəlxalq əməkdaşlığın genişləndirilməsi, peşəkar inkişaf proqramlarının təşviqi, maliyyə planlaşdırması, gələcək konfransların təşkili və assosiasiyanın qlobal mövqeyinin artırılması ilə bağlı məsələlər də müzakirə olunub. Müzakirələrin əsas məqsədinin təhsildə qiymətləndirmə sahəsində beynəlxalq əməkdaşlığın inkişafına töhfə vermək və IAEA-nın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olduğu vurğulanıb.