CƏMİYYƏT
“Diqqət, uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir
![](/files/galleryphoto/2022/3/1200x630/16655805293934415638_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665580529634936276_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665580529848713991_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665580529874235824_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655805293094158438_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) müvafiq göstərişinə əsasən 2022-ci il sentyabrın 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən A.Əliyev adına Aşağı Kürkənd tam orta məktəbində hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş leytenantı Orxan Həsənov bildirib ki, bu cür marifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaqdır. O, şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışıb, nişanlardan düzgün istifadə qaydaları haqqında məlumat verib. Şagirdlərə hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarını başa salan O.Həsənov yol ayrıclarında piyada keçidlərindən istifadə etmələrini bildirib.
Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub.
Təhsil müəssisəsinin ətrafında yerləşən yolda davam edən tədbirdə, şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyələr verilib.