CƏMİYYƏT
Doğuşayardım tibb müəssisələrində monitorinqlər aparılıb
![Doğuşayardım tibb müəssisələrində monitorinqlər aparılıb](/files/2016/1/1200x630/1456818527349726591_1200x630.jpg)
Bakı, 1 mart, AZƏRTAC
Səhiyyə Nazirliyi ilə UNICEF arasında imzalanmış birgə Fəaliyyət Planı çərçivəsində ana və uşaq sağlamlığı sisteminin gücləndirilməsi ilə bağlı nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilmiş fəaliyyətlərə yekun vurulub.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, 2015-ci il yanvarın 1-dən Azərbaycanda yeni diridoğulma meyarlarının tətbiqinə başlanılıb. Yeni meyarlara keçidlə bağlı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Qubanın seçilmiş doğuşayardım tibb müəssisələrində monitorinqlər keçirilib. Məqsəd yeni diridoğulma meyarlarının tətbiqi ilə ilkin nəticələrin təhlili, doğuşayardım tibb müəssisələrinin bu sahədə üzləşdikləri problemlər və çətinliklərin öyrənilməsi, onların yeni diridoğulma meyarlarına hazırlıq səviyyələrinin qiymətləndirilməsi olub.
Həmçinin “Unun zənginləşdirilməsinin dəmir defisitli anemiya (DDA) ilə mübarizədə əhəmiyyətli rolu” adlı məlumat paketi hazırlanıb. Məlumat paketi qərarverici müvafiq dövlət orqanlarının, səhiyyə idarəedici orqanlarının, elmi tədqiqat müəssisələrinin rəhbərləri və qida sənayesində çalışan sahibkarlar üçün nəzərdə tutulub. Gələcəkdə məlumat paketi metodik vəsait şəklində hazırlanaraq aidiyyəti müəssisələrə paylanılacaq.
Fəaliyyət çərçivəsində ictimai maarifləndirmə tədbirləri də təşkil olunub. Ötən ilin dekabr ayında Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecində tələbələrlə bu mövzuda görüşlər təşkil olunub. Növbəti maarifləndirmə tədbirləri bu ilin yanvar ayında Bakı şəhərinin 1, 2, 7, 8, 9 saylı qadın məsləhətxanalarının həkimləri və hamilə qadınlar arasında keçirilib. Maarifləndirmə tədbirlərində mövzunu əhatə edən bir sıra məlumatlandırıcı və maarifləndirici çap materialları paylanılıb.