“DONDURULMUŞ MÜNAQİŞƏNİN HƏLLİ: MOLDOVADA SEPARATİST BÖHRANININ HÜQUQİ ASPEKTLƏRİ” ADLI HESABATIN TƏQDİMATI
Hesabatın müəllifləri - NYHA-nın Avropa məsələləri komitəsinin sədri professor M.Meyer, NYHA-nın BMT üzrə Komitəsinin sədri professor E.Defis, habelə professor K.Borgen çıxış edərək, hesabatın hazırlanmasında əsas məqsədin “siyasətin məğlub olduğu yerdə, məsələnin hüquqi yolla ədalətli həllini tapmasından” ibarət olduğunu bildirmişlər.
Hesabatın müəllifləri belə bir qənaətə gəlmişlər ki, tanınmamış “Dnestryanı Respublika” hüquqi cəhətdən əsaslandırılmış sesessiya hüququna, yəni tərkibində olduğu dövlətdən kənarda öz müqəddəratını təyinetmə hüququna malik deyildir.
Ukrayna, Gürcüstan və Azərbaycan nümayəndələri çıxışlarında hesabatda məsələyə məhz hüquqi aspektdən yanaşılmasını xüsusi qiymətləndirmiş, bu cür münaqişələrin yalnız beynəlxalq hüquq əsasında həllinin mümkünlüyünü vurğulamışlar.
Azərbaycan nümayəndəsi hesabatın müəlliflərinin gəldikləri nəticələrin indiki şəraitdə təkcə Moldova ərazisindəki münaqişə üçün deyil, ümumiyyətlə, GUAM ölkələri ərazisindəki bütün mövcud münaqişələrə nəzərən də böyük əhəmiyyəti olduğunu bildirmişdir. Respublikamızın təmsilçisi GUAM məkanındakı münaqişələrin oxşar cəhətlərinə nəzər salaraq, bunların sırasında separatizm amilini, münaqişələrdə üçüncü tərəflərin iştirakını və xaricdən dəstəyi, əcnəbilərin qeyri-qanuni mövcudluğunu və nəhayət, öz müqəddəratını təyinetmə prinsipindən sui-istifadəni qeyd etmiş, “Dnestryanı Respublika”nın öz müqəddəratını mövcud dövlətdən kənarda təyinetmə hüququna malik olmaması barədə hesabatda ifadə edilmiş qənaəti xüsusi vurğulamışdır.
Sonra hesabatın müəllifləri suallara cavab vermişlər. Professor M.Meyer Ermənistan nümayəndələrinin suallarına cavabında bildirmişdir ki, münaqişələrin fərqli cəhətləri olmasına baxmayaraq, hüququn aliliyi hamı üçün eynidir. Professor K.Borgen isə cavabında öz müqəddəratını təyinetmə hüququnun xalqlara şamil edilməsinin əsas şərtlərini sadalayaraq demişdir ki, sesessiya hüququ yalnız dövlətin razılıq verdiyi təqdirdə istisna variant kimi qəbul edilə bilər.