DÜNYA
DONETSK VİLAYƏTİ İLƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNDİRİLƏCƏK
Azərbaycan diplomatı Donetsk Vilayət Dövlət İcra Hakimiyyətinin başçısı Mixail Bliznyukla görüşmüşdür. Görüşdə regionlararası əməkdaşlıq və onun perspektivləri ilə bağlı məsələlər nəzərdən keçirilmişdir. Səfir qeyd etmişdir ki, 2002-ci ildə Azərbaycanla Donetsk vilayəti arasında əmtəə dövriyyəsinin ümumi həcmi 27 milyon dollar idisə, cari ildə ondan 40 faiz çox olacaqdır.
Məlum olduğu kimi, Ukraynanın bu iri sənaye mərkəzində Avropa tipli nadir müəssisələr var və onların məhsulları dünya bazarında yüksək qiymətləndirilir. Onlardan biri – boru zavodu Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, qaz kəmərlərimiz üçün ölkəmizin sifarişlərini yerinə yetirir.
Görüşdə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) regional təşkilatında birləşən Donetsk vilayətindəki Azərbaycan diasporunun fəaliyyəti də müzakirə edildi. Bu gün Donetsk vilayətində, rəsmi məlumata görə, 8 min, qeyri-rəsmi məlumata görə isə, 60 min həmvətənimiz yaşayır. Qubernator Donetsk azərbaycanlılarının sıx birliyini, vilayətin ictimai-siyasi həyatında rolunu, iş yerləri yaradılmasında, regionun inkişafında xidmətlərini yüksək qiymətləndirdi.
Səfir, öz növbəsində, dedi ki, biz xalqımızın lideri Heydər Əliyevin dövlət siyasəti səviyyəsinə qaldırdığı millətin sıx birliyi ideyasının real təcəssüm tapdığını Donetsk və ümumən, Ukrayna azərbaycanlılarının timsalında da əyani surətdə görürük. O, vilayət və şəhər rəhbərliyindən UAK-ın regional təşkilatı üçün bina ayrılmasını xahiş etdi. Ukrayna tərəfi xahişi müsbət qarşıladı.
Səfər zamanı səfir T.Əliyev şəhər meriyasında da qəbul edildi. Görüşdə tərəflər Donetsklə Azərbaycanın şəhər və ya rayonlarından biri arasında qardaşlıq əlaqələri yaradılması qərara alındı.
T.Əliyev Donetsk vilayəti Baş Daxili İşlər İdarəsinin rəisi Vladimir Malışevlə, vilayətin Ticarət-Sənaye Palatasının prezidenti İqor Çijikovla da görüşdü, iri sənaye obyektlərində oldu.
Görüşlərdə UAK-ın Donetsk regional təşkilatının sədri Etibar Orucov da iştirak edirdi.