Dörd ildə elektrik enerjisi istehsalında alternativ mənbələrdən istifadənin 24 faizə çatdırılması planlaşdırılır
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycanda 2026-cı ilə qədər əhalinin içməli su ilə təminat səviyyəsi 70 faizdən 85 faizə, suvarma suyu ilə təminat səviyyəsi isə 80 faizdən 90 faizə çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatında deyib.
Onun bildirib ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulub.
Sənədə əsasən, yaxın 4 ildə ölkədə “yaşıl örtük”ün payı 12 faizdən 12,3 faizə, elektrik enerjisi istehsalında alternativ mənbələrdən istifadənin 17,3 faizdən 24 faizə çatdırılması planlaşdırılır: “Bu strateji prioritet çərçivəsində istifadəyə yararsız torpaqların isə payının 25 faizdən 15 faizə qədər endirilməsi gözlənilir. Bütün bu nəticələrə nail olmaq üçün hökumət, beynəlxalq inkişaf partnyorları və sahibkarların nümayəndələri birgə çalışmalıdır”, - deyə V.Qasımlı qeyd edib.