DÖRDÜNCÜ İCLASIN YEKUNLARINA DAİR PROTOKOL İMZALANMIŞDIR
İclasda Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərlik etdiyi və xarici işlər, maliyyə, kənd təsərrüfatı nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin və başqa qurumların nümayəndələrinin daxil olduğu hökumətlərarası komissiyanin üzvləri, Avstriya tərəfdən isə İqtisadiyyat və Əmək Nazirliyinin xarici iqtisadi məsələlər üzrə baş direktoru Yohan Zaxsın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişlər.
Heydər Babayev iclası açaraq, qonaqlara əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən iqtisadi islahatlar və onların uğurlu nəticələri barədə məlumat vermişdir. Nazir bildirmişdir ki, Azərbaycanda dinamik iqtisadi yüksəlişə nail olunmuş, iqtisadiyyatın aparıcı sahəsi olan neft-qaz sektorundakı uğurlar digər istehsal sahələrinin də sürətli inkişafını təmin etmişdir. Ötən il istehsalın həcmi sənayedə 33,5 faiz, kənd təsərrüfatında isə 7,5 faiz artmışdır. Ümumilikdə, 2005-ci ildə ümumi daxili məhsulun artımı 26,4 faiz olmuş, cari ilin 10 ayı ərzində isə 34,3 faiz təşkil etmişdir. Bu baxımdan Azərbaycan təkcə MDB məkanında, eləcə də dünya ölkələri arasında öncül yerlərdən birini tutmuşdur.
Daha sonra nazir aparılan islahatların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun həcminin artmasına müsbət təsirindən, beynəlxalq iqtisadi və maliyyə qurumları ilə səmərəli əməkdaşlıqdan, Azərbaycanın hazırda Dünya Ticarət Təşkilatına üzv qəbul edilməsi prosesinin həlledici mərhələsinə qədəm qoymasından, 130-dan çox ölkə ilə ticarət əlaqələrinin olmasından, ötən il ticarət dövriyyəsinin 8,5 milyard ABŞ dollarını keçməsindən, bunun artan xətlə davam etdiyindən, o cümlədən Avstriya ilə ticarət dövriyyəsinin ildən-ilə artmasından və sair məsələlərdən danışmışdır.
Cənab Yohan Zaxs ölkəsində Azərbaycanla iqtisadi əlaqələrə böyük önəm verildiyini nəzərə çarpdıraraq, son illər respublikamızda qazanılan iqtisadi uğurlardan məmnunluğunu bildirmişdir. O, Komissiyanın iclasında aparılan müzakirələrin hər iki tərəf üçün uğurlu olacağını vurğulamışdır.
Tədbirin sonunda Heydər Babayev və Yohan Zaxs Qarışıq Komissiyanın dördüncü iclasının yekunları barədə Protokolu imzalamışlar.