DÖVLƏT BAYTARLIQ XİDMƏTİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Xidmətin rəisi sonuncu monitorinqin nəticəsi ilə əlaqədar bildirmişdir ki, Respublika Baytarlıq Laboratoriyasına verilmiş nümunələrin müayinəsi ötən həftənin cümə günü başa çatmışdır və onlarda “quş qripi” virusunun əlamətləri aşkar edilməmişdir. Onun sözlərinə görə, köçəri quşların ölkəmizdə qışlama mövsümü başlandığından indən belə monitorinqlər ayda iki dəfə keçiriləcəkdir.
Rəis xatırlatmışdır ki, “quş qripi”nə qarşı müntəzəm profilaktiki tədbirlər aparılır, kifayət qədər lazımi avadanlıq, çiləyici aparatlar, 100-dən artıq avtomobil, 1000 tona yaxın dezinfeksiya materialları alınmışdır. Rayonların baytarlıq idarələri dezinfeksiyaedici maddələrlə təmin edilmişdir. Xidmətin mütəxəssisləri yeddi xarici ölkədə olmuş, təcrübə mübadiləsi aparmışlar. Onlar artıq iki gün ərzində diaqnoz qoymağa imkan verən yeni avadanlıqda işləməyi bacarırlar.
Məlumat verilmişdir ki, yaxın günlərdə Yaponiya səfirliyi Naxçıvan və Xanlar zona baytarlıq laboratoriyalarının hər birinə 68 min ABŞ dolları məbləğində yardım edəcəkdir.
Xatırladılmışdır ki, xəstəlik qeyd olunan ölkələrdən diri quş, quş məhsulları, yem və yem əlavələrinin gətirilməsinə, habelə köçəri quşların ovlanmasına qoyulmuş qadağa qüvvədə qalır.
İsmayıl Həsənov jurnalistləri maraqlandıran suallara cavab vermişdir.