DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ GÖRÜŞ
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komitənin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 25-də bu məqsədlə respublikamıza gəlmiş gömrük xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə baş məsləhətçi Kolin F.Stringer ilə görüşmüşdür.
DGK sədri Azərbaycan Dövlət Gömrük Xidmətinin beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirdiyini, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin intensivləşdirilməsinin zəruriliyini vurğulamışdır.
Müstəqil respublikamızın yeni qurumlarından biri kimi, gömrük xidmətinin keçdiyi yola nəzər salan komitə sədri 14 yaşlı bu sistemin formalaşması istiqamətində çox böyük işlərin görüldüyünü, 1997-ci ildə, ilk dəfə olaraq, Gömrük Məcəlləsinin qəbul edildiyini diqqətə çatdırmış və demişdir ki, onun hazırlanmasında bir sıra inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə olunmuşdur. Ötən 9 il müddətində ölkəmiz gömrük sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, məhz buna görə də qanunvericilik bazasının daha da təkmilləşdirilməsi zərurəti yaranmışdır.
Kolin F.Stringer Azərbaycana gəlməsindən məmnun olduğunu, tanışlığın onda xoş təəssürat yaratdığını bildirmiş, müstəqil respublikamızın yeni qurumlarından biri kimi, gömrük sisteminin qısa vaxt ərzində çox böyük uğurlar qazandığını qeyd etmişdir. Layihəyə ayrılan vaxt çərçivəsində Gömrük Məcəlləsinin yeni variantının beynəlxalq standartlara cavab verə biləcək səviyyədə hazırlanması üçün mövcud imkanlardan maksimum yararlanacağını vurğulayan qonaq bildirmişdir ki, təcrübəli gömrük mütəxəssislərindən yaradılmış işçi qrupu ilə birgə ərsəyə gətirəcəyimiz yeni məcəllə başqa dövlətlərə də nümunə olacaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində geniş fikir mübadiləsi aparılmışdır.