Dövlət Gömrük Komitəsinin layihəsi “NETTY-2016” mükafatına layiq görülüb
Bakı, 20 may, AZƏRTAC
Dövlət Gömrük Komitəsi “NETTY-2016” Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.
AZƏRTAC Komitənin yaydığı məlumata istinadla xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə idman, əyləncə, informasiya, mədəniyyət və digər sahələr üzrə ümumilikdə 16 nominasiyada keçirilən müsabiqədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu sisteminin tətbiq edilməsi” layihəsi ilə iştirak edib.
Ekspert şurasının və virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən iştirakçı saytların siyahısından mükafatların nominantları olan veb-saytlar, proqramlar və informasiya texnologiya layihələri seçilib. Dövlət Gömrük Komitəsinin “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu sisteminin tətbiq edilməsi” layihəsi “İlin informasiya texnoligiya hadisəsi” nominasiyası üzrə üç namizəd arasında qalib elan olunub
Bu münasibətlə mayın 20-də “Hyatt Regency” otelində mükafatlandırılma mərasimi keçirilib. Qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.