DÖVLƏT KOMİSSİYASININ İLK İCLASI KEÇİRİLMİŞDİR
İclasda komissiyanın qarşısında duran əsas məsələlər müzakirə edilmiş, işçi qrupu yaradılmış, tədbirlər planı müəyyənləşdirilmişdir.
Komissiya üzvləri qeyd etmişlər ki, dövlət komissiyasının yaradılması haqqında Prezident İlham Əliyevin Sərəncamı dövlətimizin başçısının, harada yaşamasından asılı olmayaraq Azərbaycan vətəndaşlarının qayğısına qaldığını və dövlətin onlarla bağlı bütün məsələləri həll edə biləcəyinə qadir olduğunu bir daha nümayiş etdirir.
Komissiyanın üzvü, Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, tədbirlər planına sahələr üzrə görüləcək işlər daxil edilmişdir. Komissiyanın tərkibinə daxil olan qurumların məsul şəxslərindən ibarət işçi qrupu tədbirlər planını bir daha nəzərdən keçirəcəkdir. Həmin qurumlar görəcəyi işlərlə bağlı təkliflərini və fəaliyyət proqramlarını bir daha dəqiqləşdirəcəklər.
Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının vəziyyətini öyrənmək üçün bu ölkənin bütün bölgələrində Azərbaycan diaspor təşkilatlarının, səfirliyimizin, konsulluqlarımızın, habelə komissiyanın nümayəndələrindən ibarət operativ qərargahlar yaradılması razılaşdırılmışdır. Bu qərargahlarda birbaşa telefon əlaqəsi təmin olunacaqdır. Yerlərdəki soydaşlarımızın problemlərini ümumiləşdirib müvafiq dövlət qurumlarına təqdim etmələrini təmin etmək üçün qərargahlar müasir texniki avadanlıqla təmin ediləcəkdir.