Dövlət Komitəsinin sədri Xızıda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xızı şəhərində vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Xızı və Siyəzən rayon sakinlərinin iştirak etdiyi görüşdə hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Müraciətlər arasında uşaqla ünsiyyət, işlə təmin olunma, sosial dəstəyin göstərilməsi, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli və digər məsələlər yer alıb.