İDMAN
Dövlət Miqrasiya Xidməti “Baku-2017” və Formula-1 yarışları ilə bağlı tapşırıqları uğurla icra edir
Bakı, 12 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu il martın 2-də “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” və “2017 Formula-1 Azərbaycan Qran-Prisi yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” sərəncamlar imzalayıb.
“IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan Respublikasına gələ və gedə bilərlər.
Həmçinin sənədə uyğun olaraq, IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı respublikanın ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması da tələb olunmur.
Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Azərbaycana gələn və Formula-1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq, akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd, yaxud “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə mayın 15-dən iyulun 15-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin IV İslam Həmrəyliyi Oyunları və Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı respublikaya gəlməsi qaydalarının, eləcə də viza prosedurlarının sadələşdirilmələri barədə ölkəmizə uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat vermək adıçəkilən sərəncamlarla Dövlət Miqrasiya Xidmətinə (DMX) tapşırılıb.
Həmin məsələlərlə əlaqədar Xidmət tərəfindən bu günədək nəzərdə tutulan işlər yerinə yetirilib. DMX-nin aparatında ölkəmizə uçuşlar həyata keçirən aviasiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Xidmət rəisinin müavini Pərviz Musayev hər iki mötəbər yarışın əhəmiyyətini diqqətə çatdırıb. Görüşdə IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikaya gəlməsi qaydalarının və Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı viza prosedurlarının sadələşdirilməsinə dair izahedici söhbət aparılıb, onlara məlumatlandırma xarakterli müvafiq məktublar təqdim olunub.
Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatına və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına məlumatlandırma xarakterli məktublar hazırlanaraq göndərilib və onlar tərəfindən verilən suallar ətraflı cavablandırılıb.
IV İslam Həmrəyliyi Oyunlarının və Formula-1 Azərbaycan Qran-Prisinin yüksək səviyyədə keçirilməsi üçün Xidmətin səlahiyyətinə aid olan məsələlərə dair digər müvafiq işlər müvəffəqiyyətlə yerinə yetirilməkdədir.