Dövlət Miqrasiya Xidmətində RESTART layihəsinin tərəfdaşlarının ilk görüşü keçirilib
Bakı, 14 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında reinteqrasiya üzrə işçi qrupunun beşinci iclası çərçivəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə birgə həyata keçirilən “Geri qayıdan Azərbaycan Respublikası vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” layihəsinin tərəfdaşlarının ilk görüşü keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə işçi qrupda təmsil olunan dövlət qurumlarının nümayəndələri, Almaniya, Niderland və Polşa səfirliklərinin rəsmiləri, Almaniyanın Daxili İşlər Nazirliyi, Niderlandın Ədliyyə və Təhlükəsizlik Nazirliyinin baş məsləhətçiləri, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, MOBILAZE layihəsinin nümayəndələri iştirak ediblər.
DMX-nin sədri Vüsal Hüseynov görüşün mühüm əhəmiyyət daşıdığını, xarici ölkələrdən geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətə reinteqrasiyasının dəstəklənməsi və problemlərinin həlli məqsədilə aparılan işlərin səmərəliliyinin daha da artırılması, Azərbaycan dövlətinin götürdüyü öhdəliyin yerinə yetirilməsində dayanıqlı geri qayıdışın təmin olunmasının vacibliyini vurğulayıb. O, ölkəyə readmissiya edilmiş şəxslərlə bağlı DMX və aidiyyəti dövlət qurumları tərəfindən görülmüş işləri diqqətə çatdırıb.
Tədbirdə reinteqrasiya yardımı üzrə ilkin mərhələ olaraq təlimatların hazırlanması qərara alınıb. Həmçinin iştirakçılarının təqdimatları dinlənilib, layihənin uğurla həyata keçirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.
Xatırladaq ki, “RESTART” layihəsinin məqsədi Azərbaycan vətəndaşlarının Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən davamlı qayıdışını və reinteqrasiyasını asanlaşdırmaq üçün ölkəmizdəki dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının reinteqrasiya sahəsində potensiallarını gücləndirməkdən ibarətdir. Azərbaycan Respublikasının Avropa İttifaqı, Norveç, İsveçrə və Monteneqro ilə imzalanmış dörd readmissiya sazişi mövcuddur. Bununla yanaşı, hazırda Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Ukrayna, Pakistan və Serbiya kimi dövlətlərlə də readmissiya üzrə saziş layihələrinin imzalanması istiqamətində müvafiq işlər görülür.