Dövlət Monitorinqi Komissiyasına daxil edilən yeni qurumlar təqdim olunub
Bakı, 1 may, AZƏRTAC
Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının geniştərkibli görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, onlayn formatda təşkil olunan tədbiri giriş sözü ilə açan komissiyanın sədri, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirin gündəliyini elan edib və qarşıda duran məsələlər barədə məlumat verib.
Həmçinin tədbirdə 2025-ci il ərzində komissiya tərəfindən görülmüş işlər barədə təqdimat nümayiş etdirilib. Hesabat dinlənildikdən sonra 2026-cı il üzrə nəzərdə tutulan tədbirlər planı haqqında məlumat verilib.
Görüşdə komissiyanın tərkibinə daxil edilən yeni qurumlar təqdim olunub.
İclasda cari məsələlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Müzakirə zamanı üzvlərin rəy və təklifləri nəzərə alınıb, komissiyanın sədri Fərid Məmmədov tərəfindən qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Qərara əsasən, monitorinqin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Müvafiq olaraq nazirliyin strukturuna daxil olan qurumların əməkdaşlarından ibarət Monitorinq Komissiyası yaradılıb.