İQTİSADİYYAT
Dövlət müəssisələrinin səmərəli özəlləşdirilməsi ilə bağlı İşçi Qrupun iclası keçirilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidmətində özəlləşdirməyə açıq olan müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, iclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açılmış müəssisə və obyektlərinin özəlləşdirilməsi istiqamətində görülən işlər haqqında məlumat dinlənilib.
İşçi Qrupun üzvlərinə “ASK Şüşə” və “ASK İzolit” məhdud məsuliyyətli cəmiyyətləri barədə məlumat verilib, maliyyə-iqtisadi göstəriciləri təhlil edilib. Müəssisələrin tərkibində olan, lakin onlarla texnoloji bağlılığı olmayan və eyni ərazidə yerləşməyən sahə və bölmələrin ayrıca özəlləşdirilməsinin mümkünlüyü müzakirə olunub.
Bununla yanaşı, “Bakı Ayaqqabı Fabriki” ASC, “ASK Şəki SES” və “ASK Tekstil” MMC-lər haqqında təqdimatlar dinlənilib, məsləhətçi şirkətin təklifləri əsasında “Bakı Ayaqqabı Fabriki” ASC-nin investisiya müsabiqəsində satışı ilə bağlı iddiaçılar qarşısında qoyulması məqsədəuyğun hesab olunan şərtlər də nəzərdən keçirilib.
Qeyd edək ki, özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.