DÖVLƏT PROQRAMININ LAYİHƏSİ HAZIRDIR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, proqram respublika iqtisadiyyatının dinamik və tarazlı inkişafına, əhalinin maddi rifahının yaxşılaşdırılmasına və sosial tələbatın daha dolğun ödənilməsinə yönəlmiş dövlət əhəmiyyətli sərmayə layihələrinin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsi məqsədi daşıyır. Bunun reallaşdırılması sərmayə qoyuluşunun həcmini artırmaqla Azərbaycanda yeni iş yerlərinin yaradılmasına, qeyri-neft sektorunda ixrac potensialının gücləndirilməsinə, sosial-iqtisadi infrastrukturun müasir tələblər səviyyəsinə çatdırılmasına, ölkəmizin daxilində regionlararası, eləcə də xarici ölkələrlə əlaqələrin genişləndirilməsinə imkan yaradacaqdır.
Proqram nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlaqədar orqanlar qarşısında müvafiq vəzifələr qoymaqla yanaşı, bu tədbirlərin icra müddətlərini özündə əks etdirir. Sərmayə qoyuluşu prosesinin çevik idarə olunması məqsədi ilə sənədə hər il yenidən baxılacaq və növbəti 3 ilin üstün istiqamətlərinə uyğun olaraq müvafiq düzəlişlər ediləcəkdir.
Proqrama 87 layihə daxil edilmişdir. Bu layihələrin bəzilərinin icrasına başlanılmış, digərlərinin maliyyələşməsi ilə bağlı beynəlxalq maliyyə təşkilatları ilə, donor ölkələrlə danışıqlar aparılır.