Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Gəncə, Mingəçevir və Şəkidə regional təlimlər keçirmişdir
Bakı, 11 may (AZƏRTAC). Aprelin 27-dən mayın 7-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birgə Gəncə, Mingəçevir və Şəki şəhərlərində təlimlər keçirmişdir.
Təlimlər aprelin 28-dən 30-dək Gəncədə, mayın 2-dən 5-dək Mingəçevirdə, mayın 5-dən 6-dək isə Şəkidə təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, təlimlər Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər Fəaliyyət Planının tələblərinə uyğun olaraq reallaşmışdır.
Təlimlər yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də yerli və regional bölmələrinin dövlət qulluqçuları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması qaydası, dövlət qulluqçularının vəzifə təlimatları, iş bölgüsünün və onların reyestrinin aparılması qaydaları və s. mövzular üzrə keçirilmişdir.
Bu təlimlərə Gəncə, Naftalan, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy, Xocalı, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Ucar, Zərdab, Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ şəhərlərinin yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan 254 rəhbər vəzifəli dövlət qulluqçusu cəlb edilmişdir.
Təlimin məqsədi hər bir vəzifəli şəxsin vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməsi, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasıdır. Eləcə də dövlət orqanları və qulluğunun nüfuzunun artırılması, fəaliyyətlərində səmərəliliyin və şəffaflığın artırılması sahəsində maarifləndirmə və vətəndaşların onlara olan etimadının yüksəldilməsidir.
Təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Dövlət qulluqçularının etik davranış qaydaları üzrə etik müvəkkilin fəaliyyəti”, “İş bölgüsünün aparılması qaydaları”, “Dövlət qulluğuna qəbul və müsahibələrin keçirilməsi qaydası”, “Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları” mövzusunda məruzələrlə çıxış etmişlər.
Komissiyanın əməkdaşları çağdaş, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət qulluqçusunun korrupsiyaya qarşı mübarizədə rolundan, vətəndaşların hüquq və azadlıqlarını qorunması sahəsində atdığı addımlardan danışmışlar.
Növbəti təlim mayın 16-dan17-dək Ağcabədidə, mayın 19-dan 20-dək isə İsmayıllıda keçiriləcəkdir. Bu təlimlərə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələrində çalışan dövlət qulluqçuları ilə yanaşı, məhkəmə hakimiyyəti orqanlarındakı dövlət qulluqçularının da cəlb edilməsi nəzərdə tutulur. Davamlı xarakter daşıyan bu təlimlər Azərbaycanın bütün regionlarını əhatə edəcəkdir.