Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi davam edir
Bakı, 13 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 7-də və 8-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr aprelin 12-də davam etdirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, müsahibələr Bakı şəhəri, həmçinin mərkəzin Gəncə regional bölməsi də daxil olmaqla 10 müxtəlif yerdə keçirilib.
Gün ərzində təşkili nəzərdə tutulan 91 müsahibədən 26-sı reallaşıb, 65 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən keçirilməyib. Müsahibəyə qatılan namizədlərdən 14-ü iddia etdiyi vəzifəyə uyğun hesab olunub.
Nəzərə almaq lazımdır ki, müsahibələrin keçirilməsinə DİM və dövlət orqanları tərəfindən xeyli vəsait və resurslar sərf edilir.
Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə bir gün qalmış, səhər saat 10:00-dək müraciətlərini http://eservices.dim.gov.az/dqq/Home/Login linki vasitəsilə ləğv etməlidirlər.
Namizədlərlə müsahibələrin keçirilməsi mayın 15-dək davam edəcək.