“Dövlət qulluqçuları üçün ingilis dili” adlı yeni dərs vəsaiti nəşr olunub
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyanın (DİA) rektoru akademik Urxan Ələkbərovun təşəbbüsü ilə Dillər kafedrasının müdiri, müəllif və layihə rəhbəri Ülkər Şəfiyevanın bilavasitə rəhbərliyi altında, kafedranın müəllimləri Esmira İsmayılova, Həcər Abdullayeva və Məryəm İsgəndərlinin həmmüəllifliyi ilə “Dövlət qulluqçuları üçün ingilis dili” adlı dərs vəsaiti hazırlanıb.
DİA-dan AZƏRTAC-a bildirilib ki, dərs vəsaitinin məzmunu, məqsədi və metodik yanaşması tamamilə orijinaldır. Kitab dövlət orqanlarında istifadə olunan əsas terminologiya, rəsmi yazışmalar, diplomatik ünsiyyət, iclas və brifinq bacarıqları kimi ən vacib mövzuları əhatə edir. Real situasiyalara əsaslanan tapşırıqlar peşəkar kommunikasiya, strateji düşünmə və qlobal əməkdaşlıq bacarıqlarının inkişafına imkan yaradır.
Dərs vəsaiti dövlət qulluğunda çalışan mütəxəssislərin ingilis dili bacarıqlarının peşəkar səviyyədə təkmilləşdirilməsi, bu sahədə gələcək kadrların hazırlanması baxımından da önəmlidir.
Bu seriyanın davamı olaraq “Diplomatiya üçün ingilis dili” adlı dərs vəsaiti nəşr ediləcək. Bu silsilə nəşrlər yüksəkixtisaslı, qlobal mühitdə rəqabətqabiliyyətli dövlət qulluqçusunun formalaşdırılmasına xidmət edir və DİA-da peşəkar ingilis dili tədrisinin uzunmüddətli inkişafı üçün möhkəm konseptual baza yaradır.
Vəsait DİA-nın tədris proqramlarına tam uyğunlaşdırılmaqla yanaşı, beynəlxalq standartlara cavab verəcək səviyyədə hazırlanıb. Dövlət qulluqçularının peşəkar inkişafına mühüm töhfə vermək, onların beynəlxalq kommunikasiya bacarıqlarını gücləndirmək məqsədi daşıyan “Dövlət qulluqçuları üçün ingilis dili” dərs vəsaiti müasir dövlət idarəçiliyinin tələblərinə cavab verən yüksək funksionallığı ilə seçilir və ölkəmizdə peşəkar ingilis dili tədrisi üçün yeni mərhələ açır.