Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yeni baş planlar müzakirə olunub
Bakı, 18 iyun, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası geniş tərkibdə, ölkənin görkəmli şəhərsalma və memarlıq mütəxəssislərinin iştirakı ilə təşkil olunub.
Komitədən AZƏRTAC-a bildirilib ki, iclasın məqsədi dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə komitənin sifarişi ilə hazırlanan əsas ərazi planlaşdırma sənədlərinin hazırlanmasında ictimaiyyət və yerli peşəkar dairələrin fəal iştirakını təmin etməkdir.
İşğaldan Azad Edilmiş Ərazilərin ümumi planı, ayrı-ayrı şəhərlərin baş planları iclas çərçivəsində komitə rəsmiləri tərəfindən təqdim edilib, müvafiq şəhərsalma həlləri ətraflı müzakirə olunub.
Bildirilib ki, növbəti 20-illik dövrü əhatə edən bu planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, “yaşıl” enerji, “ağıllı” şəhər və bir çox digər müasir şəhərsalma yanaşmaları tətbiq olunub.
İclas iştirakçıları təqdim olunmuş layihələrin qısa müddət ərzində peşəkarlıqla hazırlandığından məmnunluqlarını ifadə edib, ayrı-ayrı şəhərsalma həlləri ilə bağlı rəy və təkliflərini səsləndiriblər, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, verilən tövsiyələr qeydə alınıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura 2021-ci il sentyabrın 22-də fəaliyyətə başlayıb. Şura Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə normativ-hüquqi aktların işlənməsinin dəstəklənməsi, şəhərsalma və memarlıq sahələrində ictimai nəzarətin təşkilini, vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin edir.
Qeyd olunub ki, komitə yanında İctimai Şuranın memarlıq həllərində müasir yanaşmaların tətbiqi, sifarişçilərlə əməkdaşlığın səmərəliliyinin artırılması, şəhərsalma proseslərinin rəqəmsallaşdırılması və digər aktual mövzulara həsr olunmuş ötən iclasları da daxil olmaqla hazırkı iclası sayca beşincidir.