İQTİSADİYYAT
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb
Bakı, 23 noyabr, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Hökumət buludu”na miqrasiya çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Yevlax Data Mərkəzində təqdim edilən Rezervləmə (BaaS - Backup as a service) bulud xidməti əldə edib.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, Komitə IT resurslarını “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi daha öncə “AzInTelecom” MMC-nin Bakı Data Mərkəzindən əldə etdiyi IaaS (İnfrastructure - as a service) bulud infrastrukturu xidmətinin həcmini genişləndirib.
Vurğulayaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 3 iyun tarixli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir. Dövlət orqanlarının informasiya sistemlərinin “AzInTelecom” MMC-yə məxsus Data mərkəzlərinə miqrasiyası həyata keçirilir.
Virtual infrastrukturların Data Mərkəzində yerləşdirilməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir. Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari IT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.