DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN ƏMƏKDAŞLARI BİR GÜNDƏ İKİ CİNAYƏT HADİSƏSİNİN QARŞISINI ALMIŞLAR
Saat 04.30 radələrində Şəmkir Sərhəd Dəstəsinin “Sadıxlı” kənd zastavası ərazisində dövlət sərhəd xəttindən təqribən 80-100 metr aralıda rezin qayıqla 2 nəfər naməlum şəxsin Gürcüstan tərəfdən Kür çayını keçərək sahilə yan alması müşahidə edilmişdir. Sərhəd pozucularını tutmaq məqsədi ilə dərhal lazımi tədbirlər görülmüş və sərhəd pozucuları təqib edilmişlər. Lakin sərhəd pozucuları rezin qayığı hadisə yerində qoyaraq qaçmış, ərazinin sıx meşə olmasından istifadə edərək qarşı tərəfə keçməyə nail olmuşlar. Aparılmış axtarış tədbirləri zamanı qayığa yaxın ərazidə bir ədəd xüsusi qablaşdırılmış bağlama aşkar edilmişdir. Bağlamaya baxış keçirilərkən onun içərisində AK-74 və AKM-74 markalı avtomat silahlar, 2 avtomat darağı, 7,62 millimetrlik 30 patron, 2 F-1 əl qumbarası, bu qumbara üçün 2 ədəd alışdırıcı və 1 ədəd naməlum alışdırıcının olması müəyyən edilmişdir.
Ərazidə axtarış keçirilən zaman yaxınlıqda olan 3 nəfər şübhəli şəxs qismində saxlanılmışdır.
Həmin gün Dövlət Sərhəd Xidməti və Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Beyləqan rayonu ərazisində İrandan Azərbaycana mütəşəkkil cinayətkar qrup tərəfindən narkotik maddə gətirilməsinin qarşısı alınmışdır. Əməliyyat zamanı Bakı şəhər sakinləri, 1946-cı il təvəllüdlü Hüseynov Məhi Musa oğlu, 1954-cü il təvəllüdlü Hüseynova Sevda Tofiq qızı və Siyəzən rayon sakini, 1960-cı il təvəllüdlü Kərimova Sevil Həmzə qızı 1 kiloqram narkotik maddə ilə saxlanılmışlar.
Hər iki faktla bağlı istintaq işləri aparılır.