Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti sırasına daxil olduqları günün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpasının birinci ildönümünün qeyd olunduğu dövrə və milli dövlətçilik tariximiz üçün önəmli olan Konstitusiya Gününə təsadüf etdiyini vurğulayıblar.
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə dövlət sərhədlərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin intensiv davam etdirildiyi, işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin bu torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını, milli maraqlarımızın müdafiəsini ən yüksək səviyyədə təmin etdikləri bildirilib.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulanıb.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.